Biləsuvarda Novruz bayramına həsr olunmuş bayram şənlikləri keçirildi.
19 mart 2015-ci il tarixdə Biləsuvar rayonunda xalqımızın ən gözəl bayramı olan, özündə mədəni dəyərləri, eləcə də xeyirxahlıq, birlik və həmrəylik kimi gözəl ənənələri əks etdirən Novruz bayramı münasibətilə ümumrayon tədbir keçirildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin, təşkilatların rəhbərləri və rayon ictimaiyyəti iştirak etdi.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Parkında Novruz bayramına həsr olunmuş sərgiyə baxış keçirdilər, çoxəsrlik maddi-mədəni irsimizi, qədim adət-ənənələrimizi özündə əks etdirən eksponatlara tamaşa edildi.
Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev bayram tonqalını alovlandırdı. Əllərində baharın simvolu olan yaşıl səmənilər, şamlar, xonçalar tutmuş milli geyimli oğlan və qızlar rəngarəng rəqsləri ilə hamının alqışını qazandılar.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı cənab Mahir Quliyev çıxış edərək Novruz bayramı münasibəti ilə rayon sakinlərini təbrik etdi və hər bir ailəyə bol-bol ruzi-bərəkət, sevincli günlər arzuladı.M.Quliyev rayonun sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində ciddi uğurların qazanıldığını qeyd edərək, bildirdi ki, bundan sonra da respublikamızın bütün bölgələri kimi rayonumuzun da sosial iqtisadi həyatında daha çox nailiyyətlər əldə olunacaq, tikinti-abadlıq və quruculuq işləri davam edəcəkdir.
Rayon sakinləri ölkədə yaradılan əmin-amanlığa, firavan, xoş günlərə görə möhtərəm cənab Prezident İlham Əliyevə minnnətdarlıq edərək dövlətimizin inkişafı, xalqımızın xoşbəxt gələcəyi naminə gördüyü böyük işlərdə uğurlar arzuladılar.
Bayram şənliyi Dədə Qorqudun və Bahar qızının meydana daxil olması ilə daha da canlandı. Novruz bayramının simvolu sayılan kosa, keçəl kimi personajlar öz oyunlarını nümayiş etdirdilər, milli adət-ənənələrimizi əks etdirən ayin və mərasimlər canlandırıldı, pəhlivanlarımız öz güclərini sınadılar.
Bahar bayramı rayon mədəniyyət və incəsənət ustalarının maraqlı konsert proqramı və rəqs nümunələri ilə davam etdi.