Biləsuvar rayonunda əhalinin tibbi müayinədən keçirilməsi davam edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq respublikamızın hər yerində olduğu kimi Biləsuvar rayonunda da 3 fevral 2015-ci il tarixdən etibarən əhalinin tibbi müayinədən keçirilməsi aksiyası başlanılmışdır.Hazırda rayon əhalisinin tibbi müayinədən keçirilməsi uğurla davam etdirilir.
Tədbirin yüksək səviyyədə icrası məqsədilə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının 03 fevral 2015-ci il tarixli Sərəncamı imzalanmışdır. Sərəncama əsasən əhalinin tibbi müayinədən keçirilməsinin nəzərdə tutulmuş müddətdə (02 fevral – 01 may 2015-ci il tarixə) başa çatdırılmasını təmin etmək məqsədilə müvafiq komissiya yaradılmış, müayinənin rayonun bütün idarə, müəssisə, və təşkilatlarının kollektivlərini, yaşayış məntəqələrini əhatə etməsi üçün qrafiklər tərtib olunmuşdur. Tibbi müayinənin keyfiyyətlə həyata keçirilməsini təmin etmək məqsədilə tibb müəssisələri hazırlıq vəziyyətinə gətirilmiş və ixtisaslı həkimlərdən ibarət briqadalar yaradılmışdır.Aidiyyəti şəxslərə, şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərə tapşırılmışdır ki, kollektivlərinin və əhalinin tibbi müayinədən keçirilməsində səhiyyə işçilərinə yaxından köməklik göstərsinlər, əhali arasında müvafiq təşkilati-izahat işlərinin aparılmasını təşkil etsinlər.
Ötən il əhalinin 83398 nəfəri tibbi müayinədən keçmişdir ki, bu da 87,1 faizini təşkil etmişdir.Tibbi müayinənin nəticələrinə görə 2347 nəfər ambulator,180 nəfər stasionar müalicəyə cəlb olunmuş, 195 nəfər respublikanın müxtəlif təyinatlı tibb ocaqlarına göndərilmişdir.
2015-ci ilin müayinəyə başlanılan ilk bir ayı ərzində isə rayon əhalisinin 38672 nəfəri tibbi müayinədən keçmişdir.
Yerli mətbuat orqanlarında, idarə, müəssisə və təşkilatlarda, ümumtəhsil müəssisələrində, şəhər və kənd yaşayış məntəqələrində əhalinin tibbi müayinəyə tam cəlb olunması üçün maarifləndirmə işləri aparılır.