Biləsuvar rayon İcra Hakimiyyətində növbəti müşavirə keçirildi.
27 fevral 2015-ci il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətində manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar rayonun istehlak bazarında baş verə biləcək sui-istifadə hallarının və süni qiymət artımının qarşısının alınması məqsədilə növbəti müşavirə keçirildi.
Müşavirədə Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev və rayonda süni qiymət artımının qarşısının alınması üçün Başçı yanında fəaliyyət göstərən komissiyanın üzvləri iştirak etdi.
Müşavirəni giriş sözü ilə açan Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev bildirdi ki, son günlər respublikamızda manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar rayonda bəzən istehlakçılar tərəfindən sui-istifadə hallarına yol verilir, özbaşına süni qiymət artımları edilir. Bu halların qarşısının alınması və əhalimizin süni qiymət artımından əziyyət çəkməmələri məqsədilə müvafiq komissiya yaradılmışdır.Komissiyanın tərkibində hüquq mühafizə orqanlarının, aidiyyəti idarə və müəssisələrin rəhbərləri, İqtisadiyyat və Sənaye Nazirliyinin Aran regional bölməsinin və 6 saylı Ərazi Vergilər idarəsinin əməkdaşları daxildir.
İclasda M.Quliyev bu istiqamətdə aparılan işlərin daha da gücləndirilməsini, baş verə biləcək sui-istifadə hallarının və süni qiymət artımının qarşısının alınması üçün vaxtaşırı reydlərin keçirilməsini komissiyaya tapşıraraq bildirdi ki, reydlər zamanı istehlakçıların fəaliyyətinə heç bir maneçilik yaradılmamalıdır. Ticarət və xidmət obyektlərində belə halların müşahidə ediləcəyi təqdirdə sahibkarlar və iş adamları haqqında qanunamüvafiq tədbirlərin görüləcəkdir.
Sonra komissiya üzvləri reydlərin keçirilməsi və rayonda fəaliyyət göstərən ticarət və xidmət obyektlərində süni qiymət artımının qarşı görüləcək tədbirlər barədə öz təkliflərini bildirdilər.