Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ad günü münasibətilə “Vətən sağ olsun” adlı vətənpərvərlik mövzusunda Yaradıcılıq Festifalı keçirildi.

07 fevral 2015 | 16:00

05-06  fevral 2015-ci il tarixlərdə Heydər Əliyev Mərkəzində  Biləsuvar  rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə   Azərbaycanın  Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə “Vətən sağ olsun” adlı vətənpərvərlik mövzusunda Yaradıcılıq Festivalı keçirildi.

Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının müavini Xəyalə Qəmbərova, Rayon Gənclər və idman idarəsinin rəisi Aqşin Bağırov,rayon Təhsil şöbəsinin müdiri Balaqardaş Kazımov, rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Rəfiqə Cəfərova  iştirak etdilər.

Festivalda  rayonun 36 ümumtəhsil məktəbindən 69 nəfər  gənc  iştirak etdi.Festivalın əsas məqsədi Azərbaycanın milli qəhrəmanlarını gənclərə tanıtmaq və gənclərin intellektual yaradıcılıq imkanlarını üzə çıxarmaqdan ibarət idi.

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun  xatirəsini bir dəqiqəlik sükutla yad edildikdən sonra, “Mübariz”  adlı qısametrajlı filmin  nümayişi keçirildi. 

Festivalın  açılışında  çıxış edən   Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov Milli Qəhrəman haqqında gənclərə geniş məlumat verdi.Bildirildi  ki,   Mübariz Ağakərim  oğlu İbrahimov 1988 ci il fevralın 7 də Biləsuvar rayonu Əliabad kəndində anadan olub. Şəhid M.Piriyev adina Əliabad kənd tam orta məktəbini bitirdikdən sonra  hərbi xidmətini   Daxili Qoşunların N saylı hərbi hissəsinin  Xüsusi Təyinatlı Bölüyündə başa vurub.

Hərbi xidmətdən sonra bir müddət mülki işlərdə çalışmış, nəhayət yenidən  2009-cu ilin avqustunda  hərbi xidmətə yollanıb.Gizir Mübariz İbrahimov  Tər-Tər rayonunun N saylı hərbi hissəsində xidmət edərkən uzun müddət düşündüyü,arzusunda olduğu şəhidlik planını həyata keçirmək və düşmənə ən sarsıdıcı zərbəni vurmağın yollarını tapır.Ömrünün  22-ci  yaşında  19 iyun 2010-cu il tarixində gece saat 23:30- radələrində düşündüyü əməliyyata başlayır. O, bir kilometrlik minalanmış məsafəni   tək keçir və mənfur düşmənin ağlasığmaz sayda əsgər və zabitini elə birinci həmlədə məhv edir. Düşmənin öz silahlarını özünə istifadə edərək təkbaşına 6 saat bir orduya qarşı döyüşür. Düşmən postunu keçmiş və 6 saat döyüşdükdən sonra duşmənin çoxlu sayda  əsgər və zabitini məhv edən gizir Mübariz İbrahimov qəhramancasına şəhid olur.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 22 iyul 2010-cu il tarixli Sərəncamı ilə Mübariz İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.

Bu gün Mübariz İbrahimovun nümunəsi gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində əvəzsiz rol oynayır.

Tədbirdə böyük inam hissi ilə qeyd olundu ki, məhz Mübariz kimi igid oğullarımızın hünəri sayəsində Azərbaycan bayrağı tezliklə Şuşada, Xankəndidə, işğal altında olan digər ərazilərdə dalğalanacaq.

Sonra Festival çərçivəsində məktəblilər arasında  inşa, şeir və rəsm müsabiqələrinə start verildi.

2 gün davam edən Yaradıcılıq Festifalında ayrı-ayrı nominasiyalar üzrə qalib gələn məktəblilər Biləsuvar rayon Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırıldı.

Keçidlər