Biləsuvar rayonunda “Azərbaycanda Sosial-İqtisadi İnkişaf Fəaliyyəti” (SEDA) layihəsi çərçivəsində İctimai Şuraların yaradılması üzrə seminar keçirildi.
30 yanvar 2015-ci il tarixdə Biləsuvar rayonunda “Sosial Tərəqqi” İctimai Birliyinin və Biləsuvar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, ABŞ və Azərbaycan Hökuməti tərəfindən birgə maliyyələşdirilən “Azərbaycanda Sosial-İqtisadi İnkişaf Fəaliyyəti” (SEDA) layihəsi çərçivəsində ictimai şuraların yaradılması üzrə məlumatlandırma seminarı keçirildi.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısının müavini Xəyalə xanım Qəmbərova, “SosialTərəqqi” İctimai Birliyinin sədri Qalib Nəbiyev, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Əliməmməd Nuriyev iştirak etdi.
Seminarda “Sosial Tərəqqi” İctimai Birliyinin sədri Qalib Nəbiyev çıxış edərək ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına yönəlik dövlət siyasəti, icra hakimiyyəti orqanlarının fəaliyyətinə ictimai nəzarətin təmin olunması, idarəçilik və vətəndaş iştirakçılığının təmin olunması, qərarvermə prosesində mövcud ictimai iştirakçılıq imkanları haqqında ətraflı məlumat verib. Q.Nəbiyev ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına yönəlik dövlət siyasəti, “İctimai İştirakçılıq haqqında” Qanunun qəbulu və bu qanundan irəli gələrək yaradılacaq ictimai şuraların əhəmiyyəti, QHT-hökumət münasibətlərinin yeni mərhələsi, dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında dialoq mühiti, mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətinə ictimai nəzarətin təmin olunması və dövlətin idarə olunmasında vətəndaş iştirakçılığının təmin olunması istiqamətində ətraflı məlumat verib.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, ekspert Əliməmməd Nuriyev seminarda ictimai iştirakçılığı təmin edən hüquqi mexanizmlər üzrə ən yaxşı yerli və beynəlxalq təcrübənin təqdimatını və müzakirəsini keçirib.
Ə.Nuriyev "İctimai iştirakçılıq haqqında" Qanunun qəbulunun Azərbaycan vətəndaşlarının dövlət idarəçiliyində və qərar qəbulunda fəal iştirakının təmin edilməsi baxımından çox mühüm bir hadisə olduğunu bildirərək Azərbaycan hökumətinin bu addımını indiyədək ölkədə həyata keçirilən hüquqi islahatların, vətəndaş cəmiyyəti quruculuğu və demokratikləşmə prosesinin davamı və dövlət-vətəndaş münasibətlərinin inkişafında növbəti, keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirib.
Seminarda çıxış edən Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini Xəyalə xanım Qəmbərova 2014-cü ildə qüvvəyə minən “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi məsələlərinə xüsusi diqqət ayıraraq bildirib ki, Azərbaycan hökuməti bu qanunla vətəndaş cəmiyyəti institutlarına idarəetmədə vətəndaş iştirakçılığını təkmilləşdirmək üçün daha uğurlu və əlverişli imkan yaratmış olub.
Seminarın sonunda iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.
.