Biləsuvarda 20 Yanvar faciəsinin 25-ci ildönümü qadınlar tərəfindən anıldı.
16 yanvar 2015-ci il tarixdə YAP Biləsuvar rayon təşkliatının akt zalında rayon qadınları tərəfindən 20 Yanvar faciəsinin 25-ci ildönümü anıldı.
Tədbir iştirakçıları əvvəlcə 20 yanvar faciəsi qurbanlarının və torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş qəhrəman əsgərlərimizin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə tər çiçəklər qoydular, əziz xatirələrini yad etdilər.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Xəyalə xanım Qəmbərova çıxış edərək 1990-cı ilin yanvar faciəsində xalqımızın başına gətirilən müsibətlərdən danışmış və bildirmişdir ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən iyirmi beş il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən şəxs Ümummilli Lider Heydər Əliyev olmuşdur.O, 21 yanvar 1990-cı il tarixdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu hadisəni törədən şəxsləri kəskin pisləmiş və bunun heç bir insanlığa sığmayan vəhşilik olmaqla bərabər, demokratiyaya yad və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etmişdir.Ulu Öndər müstəqil respublikamıza rəhbərlik etdiyi sonrakı dövrlərdə də daima çalışmışdır ki, dünya ölkələri 20 Yanvar hadisələrinə siyasi qiymət versin və bu hadisə müstəqilliyi uğrunda mübarizə aparan bir xalqın başına gətirilən acı bir hadisə kimi tanınsın.
Tədbirdə Rayon Qadınlar şürasının sədri X.Ağayeva, YAP Biləsuvar rayon təşkilatı Qadınlar şurasının sədri L.Yüzbaşova, Əlil Qadınlar cəmiyyətinin sədri F.Mahmudova çıxış edərək 20 yanvar faciəsinə münasibətlərini bildirdilər və qeyd olundu ki, bu gün ölkəmizin sürətli inkişafı və ordumuzun güclənməsi bir daha göstərir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın erməni işğalından azad ediləcəyi gün də uzaqda deyil.