Biləsuvar rayon İcra Hakimiyyətində operativ idarəetmə mərkəzi vasitəsilə vətəndaşlarla növbəti qəbul keçirildi.
28 noyabr 2014-cü il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətində fəaliyyət göstərən operativ idarəetmə mərkəzi vasitəsilə vətəndaşlarla növbəti qəbul keçirildi.
Qəbulda rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Xanlar Məmmədov, İH Başçısının müavinləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etdi.
Qəbul zamanı Biləsuvar şəhərindən 3, Xırmandalı kəndindən 2 nəfər, Amankənd kəndindən 2 nəfər, Ağayrı kəndindən 1 nəfər,Nəsimi kəndindən 2 nəfər, Bağbanlar kəndindən 1 nəfər, Aşağı Cürəli kəndindən 3 nəfər, Ağalıkənd kəndindən 2 nəfər olmaqla ümumilikdə 16 vətəndaşın müraciəti dinlənildi.
Vətəndaşlar tərəfindən qaldırılan müraciətlər əsasən şor kollektorlarının lildən təmizlənməsi, yeni yaşayış massivlərində olan nasaz elektrik dirəklərinin və xətlərin yeniləri ilə əvəzlənməsi, məhəllədaxili yolların qum-çınqılla örtülməsi, maddi köməklik göstərilməsi, işlə təmin olunma və sair məsələlərlə bağlı olmuşdur. Qəbulda hər bir vətəndaşı narahat edən məsələ rayonun aidiyyəti idarə rəhbərinin iştirakı ilə analiz olunaraq problemin həlli barədə konkret tapşırıqlar verildi.
Operativ idarəetmə mərkəzi vasitəsilə keçirilən qəbulda sakinlər İcra Hakimiyyətinin inzibati binasına gəlmədən icra nümayəndəliklərində quraşdırılmış texniki vasitələrin köməyi ilə birbaşa müraciət edərək öz problemlərini bildirirlər.
Vətəndaşların operativ qaydada qəbulu bir daha onu göstərir ki, yaradılan bu şərait nəticəsində sakinlər qısa zaman kəsiyində onları narahat edən problemlərini aidiyyəti təşkilatlara çatdıra bilir və beləliklə qaldırılan məsələlər kompleks şəkildə həll olunur.