Biləsuvar rayon İcra Hakimiyyəti Gənclər və İdman İdarəsi ilə birlikdə Xırmandalı kənd 2 saylı tam orta məktəbdə “Narkomaniya əsrin bəlasıdır” mövzusunda tədbir keçirdi.
21 noyabr 2014-cü il tarixində Biləsuvar rayon İcra Hakimiyyəti Gənclər və İdman İdarəsi ilə birlikdə rayonun Xırmandalı kənd 2 saylı tam orta məktəbində “Narkomaniya əsrin bəlasıdır” mövzusunda maarifləndirici tədbir keçirmişdir.Tədbirdə rayon İcra Hakimiyyətinin məsul işçisi Ləman Yüzbaşova, Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov, rayon Təhsil şöbəsinin, rayon Səhiyyə şöbəsinin məsul işçiləri və əməkdaşları iştirak etmişlər.
Tədbiri məktəbin direktoru Cəmil Tomarov açaraq narkomaniya ilə mübarizədə aparılan bu cür səpkili tədbirlərin əhəmiyyətinin çox yüksək olduğunu qeyd etdi.
Sonra Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov çıxış edərək bu sahədə idarənin gördüyü maarifləndirici işlər barədə geniş məlumat verdi.
O bildirdi ki, bugünkü tədbir çox vacib və aktual məsələyə – bəşəriyyət üçün ən böyük bəlalardan birinə çevrilmiş narkomaniyaya həsr olunmuşdur. Bu bəlanın törətdiyi fəsadlara qarşı mübarizə bu gün xüsusilə aktual xarakter daşıyır. Narkomaniya və narkotizm beynəlxalq problemə çevrilib. Narkomaniyaya qarşı mübarizə tədbirlərinin günbəgün gücləndirilməsinə baxmayaraq, o, yoluxucu xəstəlik kimi yayılmaqdadır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları əsasında təsdiqlənən və 2007-2012-ci illəri əhatə edən Dövlət Proqramının icra müddəti başa çatdığından ölkə başçısınını müvafiq sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” təsdiq olunmuşdur.
Dövlət Proqramının məqsədi ölkədə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkotiklərin qanunsuz dövriyyəsi, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması və digər genişmiqyaslı məsələlərdən ibarətdir.
Respublika əhalisi və xüsusilə gənclər üçün böyük təhlükə mənbəyi olan «ağ ölümə» qarşı həyata keçirilən genişmiqyaslı tədbirlər Biləsuvar rayonunda gündəlik və daimi xarakter daşıyır, xüsusən məktəblilər, yeniyetmələr, şagirdlər arasında maarifləndirmə işlərinə xüsusi diqqət yetirilir. Bütövlükdə isə narkomaniyaya qarşı mübarizə tədbirləri, ilk növbədə, yeniyetmə və gənclər arasında maarifçilik işləri, Rayon rəhbərliyinin diqqət mərkəzindədir və bu istiqamətdəki işlər gələcəkdə daha geniş şəkildə davam etdiriləcəkdir.
Tədbirdə digər çıxış edənlər də bildirdilər ki, bu gün bəşəriyyəti düşündürən ən ağrılı problemlərdən biri də cəmiyyətin ciddi bəlasına çevrilən narkomaniya və geniş anlamda narkotizmdir. Belə tədbirlərin keçirliməsində də əsas məqsəd bu istiqamətdə gənc nəsli maarifləndirməkdir.
Tədbirdə gənclərə bu bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyələr, dəyərli məsləhətlər verildi.
Bildirildi ki, ümumtəhsil məktəblərində bu cür maarifləndirici tədbirlər bundan sonra da davam etdiriləcəkdir.
Məktəbdə tədbirdən öncə mövzu ilə əlaqədar qısametrajlı videoçarx nümayiş etdirildi.