Biləsuvar rayonunda 12 Noyabr - Konstitusiya gününə həsr olunmuş tədbir keçirildi.
12 noyabr 2014-cü il tarixdə Biləsuvar rayonunda 12 Noyabr - Konstitusiya gününə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, şura üzvləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, ziyalılar və KİV nümayəndələri iştirak etdilər.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət etdilər, əziz xatirəsinə tər çiçəklər qoyuldu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev Konstitusiya Günü münasibətilə tədbir iştirakçılarını təbrik etdi, demokratik dövlət və cəmiyyət quruculuğu baxımından böyük əhəmiyyət daşıyan, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu ilk Milli Konstitusiyamızın qəbul olunması tarixindən danışdı.
M.Quliyev qeyd etdi ki, tarixə nəzər salsaq görərik ki, 1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu-Konstitusiyanı qəbul edə bilməmişdi. Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrə təsadüf edir. Azərbaycanın birinci Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-nin 1978-ci il aprelin 21-də qəbul edilmiş Konstitusiyası da əvvəlki konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılmış şəkildə idi.
Lakin ötən əsrin 90–cı illərində əsrlər boyu böyük mərhələlərdən keçib tarixi müstəqilliyinə qovuşan xalqımızın qarşısında dövlət təsisatlarının yaradılması, hüquqi və demokratik dövlət quruculuğu bütün zərurəti ilə gündəlikdə dururdu. Bunu isə xalqın iradəsini ifadə edən Konstitusiya olmadan etmək mümkün deyildi. Məhz bu amili nəzərə alan Ümummilli lider Heydər Əliyevin müəllifliyi ilə noyabrın 12-də ümumxalq səsverməsi ilə müstəqil Azərbaycanın ilk konstitusiyası qəbul edildi.1996-cı il fevral ayının 6-da Ümummilli lider Heydər Əliyev 12 Noyabrın Azərbaycan Respublikasının Konstitusiyası Günü kimi qeyd olunması barədə sərəncam imzaladı. Artıq 19 ildir Respublikamızda bu tarixi gün böyük təntənə ilə qeyd edilir.
Sonra rayon İcra Hakimiyyəti Başçısının müavini Xəyalə Qəmbərova Azərbaycan Respublikasının Konstitusiyası barədə geniş məruzə etdi.O, bildirdi ki, 1995-ci il noyabrın 12-də Azərbaycan xalqının referendum yolu ilə qəbul etdiyi ilk milli Konstitusiyası ümumbəşəri ideyalara, ən qabaqcıl dünya təcrübəsinə əsaslanmaqla yanaşı, özündə tarixi ənənələrimizi, Azərbaycan xalqının milli-mənəvi dəyərlərini əks etdirir. Konstitusiyasının qəbulu tariximizin ən mühüm hadisəsi olmaqla yanaşı, ümummilli liderin Azərbaycan dövlətçiliyi qarşısında əvəzsiz xidmətlərindən biridir. Ulu Öndər Konstitusiya layihəsini hazırlayan xüsusi komissiyaya bilavasitə sədrlik etmiş, Əsas Qanunumuzun müasir dəyərləri özündə ehtiva edən ən yetkin formada qəbul olunması üçün çox gərgin əmək sərf etmişdir. Konstitusiyamızda müstəqil Azərbaycanın inkişafının əsas prinsipləri, demokratik dövlət quruculuğu prosesinin başlıca istiqamətləri, vətəndaşların fundamental hüquq və vəzifələri müəyyən edilmişdir. Müstəqil Azərbaycanın Konstitusiyası çox dinamik, ölkəmizin inkişaf strategiyasını müəyyən edən əsas sənəddir.
Ümummilli liderin siyasi kursunun layiqli davamçısı Ölkə Prezidenti cənab İlham Əliyev də demokratik, hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin inkişafı, insanların əsas hüquq və azadlıqlarının ən yüksək səviyyədə müdafiəsi istiqamətində gərgin iş apamaqdadır. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycan bu gün regionda lider dövlətə çevrilmiş, dünyada layiqli yerini tutmuşdur. Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz sahibidir.
X.Qəmbərova qeyd etdi ki, yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan dövləti müasir dünyanın bir hissəsidir və bu baxımdan dövlət və cəmiyyət maraqlarının inkişaf etdirilməsi ilə bağlı məsələlər daim diqqət mərkəzindədir. Dünyaya açıq bir ölkə olan Azərbaycan hüquqa, müasir dəyərlərə və yüksək ictimai şüura əsaslanaraq öz milli maraqlarını daima mühafizə edir və inkişaf etdirir. Milli maraqların mühafizəsi və inkişaf etdirilməsi isə ilk növbədə hər bir sahədə idarəetmə sisteminin üzərinə ciddi vəzifələr qoyur. Ən böyük diləyimiz isə, təbii ki, Əsas Qanunumuzun təməl müddəalarının ölkəmizin bütün ərazisində bərqərar olması, Konstitusiyanın 11-ci maddəsində («Ərazi») təsbit olunmuş «Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir» prinsipinin gerçəkdə öz əksini tapmasıdır.
Əminik ki, dövlət müstəqilliyimizin qarantı olan Respublikamızın Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında yaxın gələcəkdə ərazi bütövlüyümüz təmin ediləcək və konstitusiyamızda öz əksini tapmış bu müddəa bir daha öz təsdiqini tapacaqdır.
Biləsuvar rayon Prokuroru Qabil Əliyev, Biləsuvar şəhər 4 nömrəli tam orta məktəbin müəllimi Elşən Rəsulzadə, Xırmandalı kənd 1 nömrəli tam orta məktəbin müəllimi Cahangir Kazımov çıxış edərək Konstitusiyamızın hüquqi sənəd kimi tarixi əhəmiyyətindən danışdılar.