Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi.

14 oktyabr 2014 | 15:00

14 oktyabr 2014-cü il tarixdə  Biləsuvar rayonunda 2014-cü ilin doqquz ayının  sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Yığıncaq iştirakçıları əvvəlcə Heydər Əliyev  parkında  Ulu Öndərin abidəsini ziyarət etdilər, əziz xatirəsinə tər çiçəklər qoyuldu.
İclasda Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı  Mahir Quliyev, şura üzvləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin, təşkilatların rəhbərləri, icra nümayəndələri və  bələdiyyə sədrləri, ümumtəhsil müəssisələrinin rəhbərləri, ziyalılar və KİV nümayəndələri iştirak etdilər.
İclası giriş sözü ilə açan Biləsuvar rayon İcra Hakimiyyətinin  başçısı cənab Mahir Quliyev  “Biləsuvar rayonunda 2014-cü ilin  doqquz ayının sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələr barədə” geniş məruzə edərək bildirdi ki, respublikamızın bölgələrində olduğu kimi, rayonumuzda da son illər, eləcə də 2014-cü ilin doqquz ayında əldə ounmuş iqtisadi göstəricilər yüksək inkişafdan, uğurlardan xəbər verir.
Hesabat dövründə  yerli   gəlirlər  12.1 milyon  manata qarşı 12.4 milyon manat  və ya 102 faiz yerinə yetirilmişdir. Yerli xərclər isə  12.1 milyon manata qarşı 11.4  milyon manat  və ya 94  faiz icra edilmişdir.Doqquz ayda  rayonumuzda ümumi məhsul buraxılışının həcmi  198.3 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.3 faiz çoxdur. Ümumi məhsul buraxılışının həcmində kənd təsərrüfatının payı 90.6  milyon, tikintidə 58.1 milyon, ticarətdə  38.6 milyon, sənayedə 8.8 milyon, nəqliyyatda 1.9 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə çoxdur. 2014-cü ilin doqquz ayında əsas  kapitala yönələn  investisiyalar 58.7 milyon manat, pərakəndə əmtəə dövriyyəsi isə 113.9 milyon manat təşkil etmişdir.Adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 2074 manat, orta aylıq əməkhaqqı isə 274  manat olmuşdur. Əhalinin sosial rifah halının yaxşılaşması və pul gəlirlərinin artmasının nəticəsidir ki, doqquz ay ərzində rayonda  103  fərdi ev tikilmişdir.
Ölkəmizin hər yerində olduğu kimi rayonumuzda da  2014-cü ilin “Sənaye ili” elan olunması ilə əlaqədar  bir sıra işlər görülmüşdür. Bu məqsədlə rayonda   müasir sənaye məhəllələrinin yaradılması üçün  10 hektar ərazi ayrılmışdır.Rayonda sahibkarlığın inkişafına kömək məqsədilə bu ilin doqquz ayında  Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 81 sahibkarlıq subyektinə 906.5 min  manat kredit verilmişdir. 18 sentyabr 2014-cü il tarixdə  rayonda Sahibkarlığa Kömək Milli Fondu ilə birgə “Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri” nə dair işgüzar forum keçirilmişdir. Görülmüş işlər nəticəsində 9 ayda  940  yeni iş yerləri açılmışdır.
2014-cü ilin doqquz ayında   ailə üzvlərinin sayı 7156 nəfər olmaqla 1405 ailə ünvanlı dövlət sosial yardımı almışdır. Rayon üzrə hər bir ailəyə düşən ünvanlı sosial yardımın məbləğı 130  manat təşkil etmişdir. 
M.Quliyev qeyd etdi ki, 2014-cü ilin doqquz ayında Biləsuvar rayonu ərazisində tikinti və abadlıq sahəsində də xeyli işlər görülmüşdür. Belə ki, 640 şağird yerlik Xırmandalı kənd 2 saylı, 450 şağird yerlik Aşağı Cürəli kənd, 220 şağird yerlik Amankənd kənd tam orta məktəbləri üçün ən müasir tələblərə cavab verən yeni məktəblər tikilmiş, 1176 şagird yerlik Ağalıkənd kənd tam orta məktəbində isə əsaslı təmir və yenidənqurma işləri aparılaraq istifadəyə verilmişdir.Bütün məktəblər yeni inventarlarla və avadanlıqlarla təchiz olunmuşdur.
     Rayonumuzda  səhiyyə, sosial obyektlərin, uşaq bağçalarının tikintisi, təmiri, yenidənqurulması işlərinə də həmişə yüksək diqqət yetirilmişdir. Hazırda şəhərin C.Cabbarlı küçəsində inşa olunan 100 yerlik uşaq bağçasında son tamamlama, M.İbrahimov küçəsində inşa olunan 200 yerlik uşaq bağçasında isə sürətlə tikinti işləri aparılır. Bundan əlavə rayonda Biləsuvar rayon Toxumçuluq idarəsi üçün inzibati binanın tikintisi başa çatdırılmış, şəhərin Heydər Əliyev küçəsində 2013-cü ildə ğörülmüş işlərin davamı olaraq yolun genişləndirilməsi, yolkənarı hasarların tikintisi, kommersiya obyektlərinin müasir üslubda aqlay daşları ilə üzlənməsi, yolkənarı bordyurların düzülməsi, piyada səkilərinə üzlük plitələrin döşənməsi və müasir üslublu işıqlandırma sisteminin quraşdırılması işlərində son tamamlama işləri aparılır. Həmin ərazidə 1,2 km uzunluğunda küçədə yeni asfalt-beton örtük salınmışdır. Dövlət Sosial Müdafiə Fondunun və rayon  Kənd Təsərrüfatı idarəsi üçün yeni inzibati binaların, Səmədabad kəndində Heydər Əliyev parkının tikintiləri davam etdirilir.
       Azərbaycan Respublikası Prezidentinin 10 avqust  2013-cü il tarixli 3055 saylı Sərəncamı ilə  inşasına başlanılan və 13 min nəfər əhalinin yaşadığı, 6 yaşayış məntəqəsini birləşdirən 16 km uzunluğunda Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad avtomobil yolunda   torpaq yatağının, süni suötürücü qurğuların, yol əsasının və asfalt örtüyünün tikintisi başa çatdırılmışdır.
         Azərbaycan Respublikası Prezidentinin 07 sentyabr 2013-cü il tarixli 3123 saylı Sərəncamı ilə inşasına başlanılan və 10 min nəfər əhalinin yaşadığı, 3 yaşayış məntəqəsini birləşdirən uzunluğu 6 km olan Əsgərabad-Muğan-Çaylı avtomobil yolunda isə torpaq yatağı, yol əsası və süni su ötürücü qurğuların tikintisi başa çatdırılmış, hazırda uzunluğu 81,0 metr olan körpüdə tikinti işləri davam etdirilir.   
Biləsuvar  şəhərinin içməli su  sisteminin  yenidən  qurulması istiqamətində işlər  başa çatdırılmışdır. Hazırda abonentlərə suyun verilməsi işləri görülür. Dövlət Proqramına uyğun olaraq Biləsuvar şəhərinin kanalizasiya    sisteminin   tikintisi ilə bağlı isə işlər davam etdirilir.
Lakin şəhərin kanalizasiya xətlərinin çəkilişi zamanı küçələrdə aparılan primitiv və səliqəsiz işlər nəticəsində asfalt örtüklü küçələrin əksəriyyəti tamamilə yararsız hala düşmüş, qazıntılar zamanı çıxarılan palçıq layları əraziləri bərbad vəziyyətə salmışdır.Xətlərin çəkilişindən sonra heç bir küçədə təmizləmə və asfalt işlərinin aparılmamasının nəticəsində insanların və avtomobillərin hərəkətində çox böyük problemlər yaranmışdır. Yağışlı havaların gəlməsi ilə bu küçələrdə hərəkət tamamilə mümkünsüz olacaqdır. Təbii ki, bu da öz növbəsində vətəndaşların haqlı narazılığına və müraciətlərin sayının çoxalmasına gətirib çıxarır.
M.Quliyev bildirdi ki, rayonumuz aqrar rayon olmaqla iqtisadiyyatının əsasını kənd  təsərrüfatı məhsulları istehsalından  gələn gəlirlər təşkil edir və əhalinin məşğulluğu əsasən bu sahə ilə bağlıdır. Cari ilin birinci yarısında   aqrar sahədə ümumi məhsul istehsalının həcmi 90.6 milyon manat təşkil etmişdir ki, bu da 2013-cü ilin müvafiq dövrünə nisbətən 3.5  faiz çoxdur.
   Rayonda əkinçilik sahəsində  2014-cü ilin məhsulu üçün 2013-cü ilin payızında 25697 hektar payızlıq dənli bitkilər əkilmişdir. 2014-cü ilin 9 ayı ərzində biçin aparılmış 11050 hektar buğda sahəsindən 28646 ton buğda, 14647 hektar arpa sahəsindən 34966 ton arpa məhsulu istehsal olunmuşdur.
Yazlıq əkinlər üçün əkilmiş 4417 hektar pambıq sahəsindən 3309 ton pambıq, 2585 hektar tərəvəz sahəsindən  72488 ton tərəvəz, 174 hektar bostan sahəsindən 2246 ton bostan, 271.8 hektar kartof sahəsindən 33497 ton kartof, 507 hektar qarğıdalı sahəsindən 3854 ton qarğıdalı, 1132 hektar günəbaxan sahəsindən 1956 ton günəbaxan, 53 hektar sahədə əkilmiş paxlalı bitkilərdən 141 ton paxlalı bitki məhsulu istehsal olunmuşdur.
2014-cü ilin 9 ayı ərzində rayonda heyvandarlığın inkişafı sahəsində də irəliləyişlər əldə olunmuşdur. Belə ki, iri buynuzlu mal-qaranın baş sayı 40,2 min başa, xırda buynuzlu mal-qaranın baş sayı 137,3 min başa çatdırılmışdır. Bu dövrdə  ət istehsalı  4,9 min ton,  süd istehsalı 20,5 min ton, yumurta istehsalı 9.4 milyon ədəd  olmuşdur.
Bakı şəhər   əhalisini  ucuz  və keyfiyyətli kənd  təsərrüfatı  məhsulları ilə təmin etmək məqsədi ilə təşkil olunan  yarmarkalarda  Biləsuvar  rayonunun  fermerləri  də yaxından iştirak etmişlər. Hesabat dövrü ərzində  yarmarkalara  700 tondan  çox   müxtəlif  növ kənd  təsərrüfatı  məhsulları göndərilmişdir.
2014-cü ilin doqquz ayında rayonumuzda Təhsil, səhiyyə və mədəniyyət sahələrində də uğurlu addımlar atılmış, gənclərlə işin yaxşılaşdırılması, onların fəallığının  və  təşəbbüskarlığının  artırılması  daim diqqət mərkəzində saxlanılmışdır.
Ölkə Prezidenti  cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun  və İSESKO-nun  xoşməramlı  səfiri Mehriban xanım Əliyevanın  Təhsil sisteminin maddi-texniki bazasının  möhkəmləndirilməsinə göstərdikləri yüksək qayğı və diqqət  rayonumuzda da  öz  müsbət nəticələrini  verməkdədir. Son illər rayonumuzda  13 yeni məktəb tikilmiş  5 məktəb  yüksək səviyyədə əsaslı  təmir olunaraq istifadəyə  verilmişdir.
Hesabat dovründə rayonda 3 yeni məktəb inşa olunmuş, 1 məktəbdə əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. Müasir  təhsil avadanlıqları ilə təmin olunmuş yeni məktəblərdə nümunəvi təhsil üçün  hərtərəfli şərait vardır.İstifadəyə verilən bu gözəl töhvələrə  və təhsil sahəsinə göstərdiyi yüksək qayğı və diqqətə görə  kənd sakinləri,  pedoqoji kollektivlər  ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını  bildirmişlər.
Təhsil ocaqlarının  informasiya kommunikasiya texnologiyaları ilə  təminatı da   yaxşılaşdırılmış,  məktəblərdə  komputerlərin sayı 470-ə  çatdırılmışdır.
Yeni məktəblərin tikintisi, əsaslı təmiri, informasiya kommunikasiya  texnologiyaları ilə təminatının yaxşılaşdırılması  pedaqoji kollektivlərdə böyük  ruh  yüksəkliyi  yaratmış, müəllimlərimiz bütün pedaqoji  ustalıqlarını  hər  bir  şagirdin  sabahımızın  layiqli  vətəndaşları kimi  tərbiyə olunmasına yönəltmişlər.
Rayonumuzdakı Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının   tapşırığına uyğun olaraq  Respublika Təhsil Nazirliyi  tərəfindən  müəyyən edilmiş  “Ulu öndər Heydər Əliyev müasir Azərbaycanın  qurucusu və memarıdır” və “Ümummilli lider Heydər Əliyevin ideyaları  müstəqil Azərbaycanın  sosial-iqtisadi  inkişafının   təminatçısıdır” mövzuları üzrə  ümumtəhsil məktəblərinin  11-ci sinif şagirdlərinə  keçirilən  tarix  dərsləri  uğurla başa  çatmış,  925 nəfər  11-ci sinif şagirdi Ulu Öndərin həyat və zəngin siyasi fəaliyyətini  öyrənmişdir. Bu dərslər 2014-2015-ci  tədris ilində də davam etdiriləcəkdir.
2013-2014-cü tədris ilində  rayonumuzun ümumtəhsil məktəblərini 965 məzun bitirmişdir. Onlardan 922 nəfəri attestat almışdır. Məzunlarımızdan 240 nəfəri  test imtahanlarından  uğurla çıxaraq  tələbə adını qazanmışlar. Onlardan 21 nəfəri 600-dən, 46 nəfəri isə 500-dən yuxarı bal toplamağa  müvəffəq olmuşdur. Sevindirici haldır ki,  məzunlarımızdan iki nəfəri-Əzizzadə Nazim Mirzə oğlu və Rustamzadə Fərid Bəxtiyar oğlu ən yüksək bal toplayaraq  Prezident təqaüdünə layiq  görülmüşlər. 
Rayonumuzdakı M.İbrahimov adına  məktəb lisey kompleksinin  uğurları daha sevindiricidir. Bu məktəb-liseyin  bu ilki  bütün məzunları yüksək balla  tələbə adını  qazanmağa nail olmuşlar.  Məzunların ali məktəblərə  qəbulunda şəhər 1,2,4,6 saylı, Xırmandalı kənd 1 saylı, Zəhmətabad, Yuxarı Cürəli, Aşağı Cürəli, Bəydili kənd tam orta məktəbləri daha çox fərqlənmişlər.
Artıq bir aydır ki, ümumtəhsil məktəblərində yeni dərs ili başlamışdır. Rayon Təhsil şöbəsi ümumtəhsil məktəblərinin fəaliyyətini daim diqqət  mərkəzində  saxlamalı,  ötən tədris ilində  olan nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində konkret tədbirlər həyata  keçirməlidir. Təhsil islahatlarının  uğurla həyata  keçirilməsi, təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi istiqamətində  şöbənin  rəhbərliyi öz fəaliyyətini daha da gücləndirməlidir.
Rayonumuzda əhalinin sağlamlığının  qorunması, onlara göstərilən tibbi xidmətin keyfiyyətinin  yaxşılaşdırılması da səhiyyə işçilərinin  daimi diqqət mərkəzindədir. Səhiyyə işçilərimiz əhalinin bu mühüm  sahəyə  olan təlabatının  daha  dolğun ödənilməsi üçün  səy və bacarıqlarını  əsirgəmirlər.
Səhiyyə  ocaqlarının  maddi-texniki bazası  ilbəil  möhkəmlənir.  Son illərdə rayonun 6  kəndində müasir tələblərə  cavab  verən  yeni səhiyyə ocaqlarının  tikilib  istifadəyə  verilməsi tibbi xidmətin  keyfiyyətinin yüksəlməsinə səbəb olmuşdur.
Ölkə  Prezidenti  cənab İlham Əliyevin “Biləsuvar rayon Mərkəzi Xəstəxanasının yenidən qurulması ilə bağlı  tədbirlər  haqqında” 07 sentyabr 2013-cü il tarixli Sərəncamı  rayon əhalisi  və çoxsaylı  tibb işçiləri tərəfindən  dərin razılıq  hissi ilə qarşılanmışdır.  Hazırda Mərkəzi Xəstəxanada əsalı  təmir işləri davam etdirilir.
Ölkə  Prezidenti  cənab İlham Əliyevin əhalinin  tibbi  müayiədən keçirilməsi ilə  bağlı  tapşırıq  və  tövsiyyələrinə uyğun olaraq  rayonumuzda da  bu kompaniya uğurla  başa  çatmışdır.  83.398 nəfər tibbi  müayinədən keçmişdir ki, bu da rayon əhalisinin 87,1 %-ni təşkil edir.  Tibbi müayinənin  nəticələrinə  görə 2347 nəfər ambulator,180 nəfər stasionar müalicəyə cəlb olunmuş, 195 nəfər respublikanın  müxtəlif  təyinatlı  tibb ocaqlarına  göndərilmişdir.
Rayonda əlahinin asudə  vaxtlarının  səmərəli təşkilində  mədəni-maarif müəssisələrinin üzərinə  mühüm vəzifələr  düşür.
Açılışında  möhtərəm Prezidentimizin  iştirak etdiyi  Heydər Əliyev Mərkəzinin istifadəyə  verilməsi rayonumuzun mədəni həyatında mühüm hadisəyə  çevrilmişdir. Hazırda  bu Mərkəz  rayon ziyalılarının, Gəclərin hər gün müraciət  etdikləri  əsl mədəni mərkəzdir.
Son aylar Heydər Əliyev Mərkəzində yeni ailə quran gənclərin nigah mərasimlərinin  təntənəli keçirilməsi artıq ənənəyə çevrilmişdir. İndiyədək Mərkəzdə 50-dan çox  təntənəli  nigah  qeydə alınmışdır.
Rayonumuzda  əhalinin  təxminən üçdə bir hissəsini təşkil  edən  gənc nəslin ideya-siyasi və hərbi vətənpərvərlik  tərbiyəsinin  gücləndirilməsi də hesabat dövründə  ən çox diqqət yetirilən  sahələrdən biri  olmuşdur. Son vaxtlar rayon Gənclər və İdman idarəsinin  təşəbbüsü ilə  keçirilən  bir sıra tədbirlər  gənclər və yeniyetmələr tərəfindən  razılıqla qarşılanmışdır. Biləsuvarlı  gənclər  rayonumuzda  bir sıra Respublika və rayon əhəmiyyətli  tədbirlərə ev sahibliyi etməklə  bir daha  təsdiq etmişlər ki,  bu gün rayonmumuzda  intellektual səviyyəli, geniş dünyagörüşlü,  əsl vətənpərvər  gənclər yetişir. Bütün türk dünyasının  iftixarı Azərbaycanın  Milli Qəhrəmanı  Mübariz İbrahimovun yenilməz hünəri və qəhrəmanlığı  gənclərimiz  üçün  örnəkdir.
Rayonda gənclərin hərbi vətənpərvərlik tərbiyəsi daim diqqət mərkəzində saxlanılır. Biləsuvarlı gənclər hərbi xidmətə həvəslə yola düşür, Vətən qarşısındakı borclarını şərəflə yerinə yetirirlər. Gənclərimiz Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun layiqli varisləri olduqlarını şərəfli xidmətləri ilə  təsdiq edirlər. Avqustun 1-dən 2-nə keçən gecə  erməni təxribat qrupunun  həmlələrini  igidliklə  dəf edərək şəhidlik zirvəsinə ucalmış həmyerlilərimiz- Nərimankənd kəndinin  igid oğlulları- gizir Pərvin Əliyevin, kiçik gizir  Rahil Hüseynovun, əsgər Anar Qarazadənin  hünəri qarşısında ehtiramla baş əyirik. İndi Nərimankənd kəndindəki qəbristanlıqda uyuyan bu igid Vətən oğlullarının  əziz xatirəsi  həmişə qəlbimizdədir.
Hesabat dövründə  rayonumuzda “Mübarizlik zirvəsi” sənədli filminin nümayişi, Səfərbərlik  və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  dəstəyi ilə nəşr olunmuş  “Hər şey qələbə üçün” kitab- albomunun təqdimat mərasimi  yüksək səviyyədə keçirilmiş,  tədbir iştirakçıları,  xüsusi ilə gənclər tərəfindən dərin razılıqla qarşılanmışdır.
Sonra Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı cənab Mahir Quliyev rayonda görülən işlərlə bağlı öz fikirlərini bildirdi, ayrı-ayrı sahələr üzrə yaranan  problemlərin həlli barədə aidiyyəti şəxslərə öz tövsiyyələrini verdi.
M.Quliyev bütün Biləsuvarlılar adından  Azərbaycan Respublikasının  Prezidenti  cənab İlham Əliyevi, Prezident Administrasiyasını əmin etdi ki,    Biləsuvarlılar həmişə olduğu kimi ölkə rəhbərinin yüksək diqqət və qayğısına minnətdarlıqla yanaşaraq, respublikamızın hərtərəfli inkişafı, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi kimi müqəddəs işə bundan sonra da öz layiqli töhfələrini verəcəklər.
Hesabat iclasında Biləsuvar rayon Maliyyə idarəsinin rəisi Eldar Təhməzov, Təhsil şöbəsinin müdiri Balaqardaş Kazımov, Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov   və digərləri çıxış edərək fəaliyyət göstərdikləri sahələr üzrə görülmüş işlər barədə  məlumat verdilər və qarşıda duran vəzifələr  müzakirə olundu.
İclasın sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Dövlət qulluqçularının təltif edilməsi haqqında” 25 iyun 2014-cü il tarixli, 580 nömrəli  Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif olunmuş Biləsuvar rayon İcra Hakimiyyəti Başçısı Aparatının ictimai-siyasi və humanitar şöbəsinin baş məsləhətçisi Cəfərov Mirzə Əzim oğlunun “Tərəqqi” medalı  rayon İcra Hakimiyyətinin Başçısı cənab Mahir Quliyev tərəfindən sahibinə təqdim olundu.

Keçidlər