"Qardaşlaşmış məktəblər" layihəsi çərçivəsində Biləsuvar məktəbliləri Gədəbəy rayonunda olmuşlar
Azərbaycan Respublikasının Prezidenti Yanında Bilik Fondunun "Qardaşlaşmış məktəblər" layihəsi çərçivəsində Biləsuvar şəhər 4 saylı tam orta məktəbi ilə Gədəbəy rayon Slavyanka kənd 1 saylı məktəbi qardaşlaşmışlar. Layihənin əsas məqsədi məktəblər arasında dostluq, qardaşlıq əlaqələri yaratmaqdan, bilik mübadilələri aparmaq, yarışlar təşkil etmək eləcə də rayonların tarixini, adət-ənənələrini öyrənmək, regionlarda həyata keçirilən irimiqyaslı infrastruktur layihələr, sürətli abadlıq, tikinti-quruculuq işləri ilə yaxından tanış olmaqdan ibarətdir.
10-11 sentyabr 2014-cü il tarixlərdə layihə çərçivəsində Gədəbəy rayonunda məktəblər arasında ilk görüş keçirildi. Biləsuvar məktəbliləri səfər çərçivəsində rayonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri qoymuşlar və rayonun tarixi yerlərini gəzmişlər.
Sonra Gədəbəy rayon Slavyanka kənd 1 saylı məktəbində “Qardaşlaşma Sazişi” imzalandı. “Qardaşlaşma Sazişi”-ni Slavyanka kənd 1 saylı məktəbinin direktoru Mətanət Hüseynova və Biləsuvar şəhər 4 saylı tam orta məktəbin direktoru Əli Əliyev imzaladılar. Hər iki məktəb bir-birlərinə məktəblərini təmsil edən rəmzi hədiyyələri təqdim etdilər. Məktəbdə şagirdlər arasında intellektual yarış təşkil edildi. Maraqlı və gərgin bilik mübarizəsi şəraitində keçən yarışda Biləsuvar şəhər 4 saylı tam orta məktəbin komandası qələbə qazandı.
Yarış iştirakçılarına Bilik Fondu tərəfindən təsis edilmiş kubok və qiymətli hədiyyələr təqdim edildi.
2 gün çəkən səfər zamanı məktəblilərimiz Gədəbəy rayonunun tarixi və görməli yerlərində oldular.