Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon Təhsil işçilərinin konfransı keçirilmişdir.

05 sentyabr 2014 | 15:00

           05 sentyabr 2014-cü il tarixdə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində rayon Təhsil işçilərinin  konfransı keçirildi.

Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, Təhsil Nazirliyinin məsul işçisi Bibixanım İbadova,  hüquq mühafizə orqanlarının rəhbərləri, təhsil işçiləri, məktəb direktorları, müəllimlər, ali məktəblərə yüksək balla qəbul olunmuş tələbələr və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdi.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev  parkında  Ulu Öndərin abidəsini ziyarət etdilər, əziz xatirəsinə tər çiçəklər qoyuldu.
İclası giriş sözü ilə açan  rayon Təhsil şöbəsinin müdiri Balaqardaş Kazımov konfransın gündəliyi barədə məlumat verdikdən sonra ötən 2013-2014-cü tədris ilində təhsil sahəsində görülmüş işlər  və 2014-2015-ci tədris ilində qarşıda duran məsələlər barədə ətraflı məruzə etdi.
Sonra rayonun Xırmandalı kənd 2 saylı tam orta məktəbinin direktoru Cəmil Tomarov, Aşağı Cürəli Kənd tam orta məktəbinin direktoru Ələsgər Şahbazov, Çinarlı kənd tam orta məktəbinin müəlliməsi Gülşən Şirəliyeva və imtahanlarda yüksək bal toplayaraq ali məktəblərə qəbul olunan Qulamhüseyn Məmmədov, Nazim Əzizzadə çıxış edərək  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və    Heydər Əliyev Fondunun prezidenti,  Milli Məclisinin deputatı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ölkəmizdə təhsilin inkişafına  göstərdikləri yüksək diqqət və qayğıya görə rayonun çoxminlik pedaqoji kollektivi adından təşəkkürlərini bildirdilər.
Təhsil Nazirliyinin məsul işçisi Bibixanım Ibadova çıxış edərək ölkəmizdə aparılan təhsil islahatları barədə ətraflı məlumat verdi.B.İbadova təhsil sahəsində rayonda son illər görülmüş işləri yüksək qiymətləndirərək bunun builki ali məktəblərə qəbulda da özünü büruzə verdiyini qeyd etdi.
Konfransda Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev çıxış edərək bildirdi ki,  Ulu  Öndər Heydər Əliyevin memarı olduğu müasir Azərbaycan dövləti günü-gündən inkişaf etməkdədir.  Onun miras qoyub getdiyi müstəqil, demokratik dövlətçilik konsepsiyası və siyasi-ideoloji xətt bu gün şücaətlə qorunur  və  gələcək nəsillərin daha firavan həyatı üçün real zəmin yaranır. Bütün sahələrdə olduğu kimi təhsil sahəsində də əldə olunan  tarixi nailiyyətlər məhz Ümummilli Liderin və onun layiqli davamçısı, dövlətimizin müstəqilliyinin qarantı  olan, cənab prezident  İlham Əliyevdir.Məhz Heydər Əliyev tərəfindən əsası qoyulmuş Milli Təhsil strategiyasının əldə etdiyi uğurlar  Azərbaycan təhsilinin dünyanın inkişaf etmiş təhsİl sisteminə inteqrasiyasını təmin etmişdir. Respublikamızda təhsil sahəsində aparılan islahatlar,  bu sahədə yeni qanunvericilik bazasının formalaşdırılması, yeni-yeni fərman və sərəncamların imzalanması ümumilikdə dövlətimizin və xalqımızın inkişafına xidmət edir. Respublika  Prezidenti  cənab İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında  təhsilin inkişafı üzrə Dövlət Strategiyası”  Azərbaycanın  yeni inkişaf konsepsiyasına və qabaqcıl beynəlxalq təcrübəyə uyğun rəqabət qabiliyyətli  təhsil sisteminin qurulması istiqamətində strateji hədəfləri  müəyyən edir. Aparılan islahatlar təkcə bunula məhdudlaşmır.  Respublikamızda  yeni-yeni təhsil ocaqlarının  inşa olunması, əsaslı təmiri, eləcə  də xarici ölkələrdə gənclərimizin təhsilinin davam etdirilməsindən ötrü həyata  keçirilən tədbirlər  də bu islahatların tərkib hissəsidir.
    M.Quliyev bildirdi ki, ötən illər ərzində rayonumuz  da ölkə təhsilinə öz töhvələrini vermişdir. Ayrı-ayrı  ali təhsil müəssisələrin məzunları olan biləsuvarlılar  hazırda respublikamızın ən müxtəlif  fəaliyyət sahələrində çalışırlar.
Rayonumuzda yeni istifadəyə verilən  təhil  ocaqları, inşa və əsaslı təmir olunan məktəb binaları  təhsilin keyfiyyətinin yüksəlməsinə birbaşa təsir göstərən mühüm amillərdir. Əlbəttə bu uğurlar həm də   Biləsuvar rayonun təhsil müəssisələrində çalışan  pedoqoji  kollektivlərin gərgin əməyi sayəsində mümküm olmuşdur.
      Respublikamızda, o cümlədən,  rayonumuzda  təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsindən ötrü Heydər Əliyev Fondunun  həyata keçirdiyi  “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində  rayonumuzda 4 yeni məktəb binası tikilərək  istifadəyə verilmişdir. Ümumilikdə son illər rayonumuzda  11 yeni məktəb tikilmiş  5 məktəb  yüksək səviyyədə əsaslı  təmir olunaraq istifadəyə  verilmişdir.Cari ildə isə 240  yerlik  Amankənd  tam  orta  məktəbi üçün müasir standartlara cavab verən yeni məktəb binası tikilmiş və 1176  yerlik   Ağalıkənd  kənd  tam  orta məktəbi əsaslı şəkildə  təmir  olunaraq pedoqoji  kollektivin  və  şagird  kontingentinin  istifadəsinə  verilmişdir. Hal-hazırda isə rayonun  Xırmandalı kəndində   640 yerlik  və  Aşağı  Cürəli kəndində  450  yerlik  yeni məktəb binalarının tikintisi başa çatdırılmış, bir neçə gündən sonra o məktəblər müəllim və şagirdlərinin istifadəsinə veriləcəkdir.
Bütün bunlarla yanaşı rayonda  bu il  ali və orta ixtisas məktəblərinə qəbul olmaq üçün sənəd verən məzunlardan  240 nəfəri müvəffəqiyyət əldə etmişdir. Bunlardan 21 nəfəri 600-dən, 46 nəfəri 500-dən yuxarı bal toplamışlar.
M.Quliyev qeyd etdi ki, qarşıdan növbəti tədris ili gəlir. Əmin olmaq istərdik ki, bu yeni tədris ilində də Biləsuvar rayonunun təhsil işçiləri əzmlə çalışacaq və respublikamızda təhsil strategiyasının həyata keçirilməsi işinə öz töhvələrini verməkdə davam edəcəklər.
Tədbirdə ali məktəblərə yüksək balla qəbul olunmuş tələbələrə rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və pul mükafatları təqdim olundu.
Konfransın sonunda Biləsuvar rayon Təhsil işçilərinin Sentyabr Konfransı iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlandı.

Keçidlər