Biləsuvar rayonunda şəhidlərin xatirəsi yad olundu.
Erməni kəşfiyyat-təxribat qrupunun mövqelərimizə növbəti hücumunu dəf edərkən qəhrəmancasına şəhid olmuş Biləsuvar rayon Nərimankənd kənd sakinləri gizir Əliyev Pərvin Səlahəddin oğlunun, kiçik gizir Hüseynov Rahil Əfsər oğlunun və əsgər Qarazadə Anar Vidadi oğlunun əziz xatirələri yad olundu, məzarları önünə tər çiçəklər qoyuldu.
08 avqust 2014-cü il tarixdə Nərimankənd kəndində keçirilən tədbirdə şəhidlərin doğmaları ilə yanaşı Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev,hüquq mühafizə orqanlarının, idarə müəssisə və təşkilatların rəhbərləri, icra nümayəndələri, bələdiyyələr,rayon aktivi, ziyalılar, gənclər və kənd sakinləri iştirak etdilər.
Rayon icra Hakimiyyətinin başçısı Mahir Quliyev hər üç şəhidin ailəsinə başsağlığı verərək torpaq uğrunda şəhid olmanın ən yüksək zirvə olduğunu bildirdi.O, qeyd etdi ki,düşmənlə döyüşlərdə onlara sarsıdıcı zərbələr vuran ordumuz bu gün ən güclü ordulardan biridir.Bu ordu Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında hər an öz sözünü deməyə hazırdır. Azərbaycan ordusu əmr verildiyi zaman işğal altında olan torpaqlarımızı düşməndən azad edəcəkdir.
M.Quliyev bildirdi ki, şəhid əsgərlərimizin fədakarlığı hər bir Azərbaycanlı tərəfindən qürur hissi ilə qəbul edilir. Onlar göstərdikləri şücaətə görə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalları ilə təltif ediliblər. Nərimankənd kəndinin 3 şəhid verməsi ağrılı olduğu qədər də şərəf gətiricidir, vətənə məhəbbətin ali təzahürüdür. Şəhidlərimiz daim xatırlanacaq və əziz xatirələri həmişə ehtiramla yad ediləcəkdir.
Şəhid valideynləri onların ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, rayon rəhbərliyinə öz dərin təşəkkürlərini bildirərək vətən təəssübkeşliyinin oğul itkisindən üstün olduğunu qeyd etdilər.
Sonda hər üç şəhidin məzarı ziyarət olundu və əziz xatirələrinə tər çiçəklər düzüldü.