Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Anar Qarazadənin təltif olunduğu medal ailəsinə təqdim edildi.

06 avqust 2014 | 15:00

Avqustun 1-dən 2-nə keçən gecə erməni kəşfiyyat-təxribat qrupunun  cəbhənin Ağdam-Ağdərə istiqamətində  yerləşən mövqelərimizə növbəti hücumu dəf edərkən ağır yaralanan və avqustun 4-də şəhid olan  əsgərimiz   Qarazadə Anar Vidadi oğlu  doğulub boya-başa çatdığı Biləsuvar rayon Nərimankənd kəndində torpağa tapşırıldı. Hərbi xidmət zamanı göstərdiyi igidliyə görə təltif olunduğu  “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı bu gün  şəhidin  ailə üzvlərinə təqdim edildi. 
06 avqust 2014-cü il tarixdə Nərimankənd kəndində keçirilən tədbirdə şəhidin  doğmaları ilə yanaşı,  Azərbaycan Respublikası Müdafiə Nazirliyinin idarə rəisinin müavini Abdulla Qurbani, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Sədaqət Qəhrəmanova, rayon İcra Hakimiyyəti başçısının birinci müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən  Xanlar  Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon aktivi, ziyalılar,  gənclər və kənd sakinləri iştirak etdilər.
Çıxış edənlər şəhidin  ailəsinə və yaxınlarına  başsağlığı verərək torpaq uğrunda şəhid olmağın ən ali zirvə hesab olunduğunu bildirərək,  şəhidlərin daim xatırlanacağını deyiblər. Bildirilib ki, Nərimankənd kəndinin 3 şəhid verməsi ağrılı olduğu qədər də şərəf gətiricidir, vətənə məhəbbətin ali təzahürüdür. 
Bu gün Azərbaycan əsgərinin nəyə qadir olduğu  gedən döyüşlərdə düşmənə vurduğu ağır zərbələr zamanı bir daha öz təsdiqini tapdı.Azərbaycan Respublikasının Prezidenti,Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında Azərbaycan ordusu hər an öz sözünü deməyə hazırdır.Bizim güclü ordumuz var və bu ordu əmr verildiyi  zaman işğal altında olan torpaqlarımızı düşməndən azad edəcəkdir.
Şəhid anası Şəfəqqət Qarazadə ölkə rəhbərliyi tərəfindən onların ailəsinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına öz dərin təşəkkürünü bildirərək  vətən təəssübkeşliyinin oğul itkisindən üstün olduğunu dedi.

Keçidlər