Biləsuvar rayon İcra Hakimiyyətində operativ idarəetmə mərkəzi vasitəsilə vətəndaşlarla növbəti qəbul keçirildi.
09 iyul 2014-cü il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətində fəaliyyət göstərən operativ idarəetmə mərkəzi vasitəsilə vətəndaşlarla növbəti qəbul keçirildi. Mərkəz rayonun 8 inzibati ərazi dairəsi üzrə nümayəndəliyi (Biləsuvar şəhəri, Xırmandalı, Bağbanlar, Aşağı Cürəli, Amankənd, Ağalıkənd, Ağayrı, Nəsimi kəndləri) əhatə etsə də digər kəndlərin sakinlərinin də problemlərini dinləmək üçün qonşu kəndlərdən istifadə edərək müraciətlərini bildirməsi təşkil edilmişdir.Operativ idarəetmə mərkəzində keçirilən qəbulda rayon sakinləri İcra Hakimiyyətinin inzibati binasına gəlmədən icra nümayəndəliklərində quraşdırılmış texniki vasitələrin köməyi ilə birbaşa müraciət edərək öz problemlərini bildirdilər.
Qəbulda rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının məsul nümayəndələri, İH Başçısının müavinləri, idarə, müəssisə, təşkilat rəhbərləri iştirak etdilər.
Qəbul zamanı Biləsuvar şəhərindən 5 nəfər, Amankənd kəndindən 4 nəfər, Ağayrı kəndindən 3 nəfər, Nəsimi kəndindən 2 nəfər, Aşağı Cürəli kəndindən 2 nəfər, Əsgərabad kəndindən 2 nəfər, Xırmandalı, Günəşli, Ovçubərə, Dəvrişli kəndlərinin hər birindən 1 nəfər, olmaqla ümumilikdə 22 vətəndaşın müraciəti dinlənildi.
Qaldırılan müraciətlər əsasən əkin sahələrinin suvarılması, şor kollektorlarının lildən təmizlənməsi, əkin sahələrinə gedən yolun hamarlanması, yeni yaşayış massivlərində olan nasaz elektrik dirəklərinin yeniləri ilə əvəzlənməsi və məhəllədaxili yolların qum-çınqılla örtülməsi, ünvanlı sosial yardımın verilməsi ilə bağlı olmuşdur.
Qəbulda hər bir vətəndaşı narahat edən məsələ rayonun aidiyyəti idarə rəhbərinin iştirakı ilə analiz olunaraq problemin həlli barədə konkret tapşırıqlar verildi.
Vətəndaşların operativ qaydada qəbulu bir daha onu göstərir ki, yaradılan bu şərait nəticəsində sakinlər qısa zaman kəsiyində onları narahat edən problemlərini aidiyyəti təşkilatlara çatdıra bilir və beləliklə qaldırılan məsələlər kompleks şəkildə həll olunur.
Ümumiyyətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən rayonlarda yaradılan operativ idarəetmə mərkəzlərinin fəaliyyəti məhz vətəndaşların maneəsiz, daha asanlıqla dövlət orqanlarına müraciət etmək imkanlarının təmin olunmasına və onları narahat edən məsələlərin tez bir zamanda həll olunmasına xidmət edir.