Biləsuvar rayonunda 26 iyun-Silahlı Qüvvələr Gününə və Milli Qəhrəman Mübariz İbrahimovun qəhrəmanlığını əks etdirən “Mübarizlik zirvəsi” adlı filmin nümayişinə həsr olunmuş tədbir keçirilmişdir.
25 iyun 2014-cü il tarixdə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində 26 iyun- Azərbaycan Respublikasının Silahlı Qüvvələr Gününə və Milli Qəhrəman Mübariz İbrahimovun qəhrəmanlığını əks etdirən “Mübarizlik zirvəsi” adlı filmin nümayişinə həsr olunmuş təntənəli tədbir keçirilmişdir.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, Müdafiə Nazirliyinin məsul işçisi Abdulla Qurbani, Mədəniyyət və Turizm Nazirliyi “Yaddaş” sənədli film studiyasının və “Mübarizlik zirvəsi” adlı sənədli filmin rejissoru Rəşad Qasımov, rayonda yerləşən N saylı hərbi hissənin zabit və əsgərləri, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdi.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət etdilər, əziz xatirəsinə tər çiçəklər qoyuldu.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev Ordumuzun yaranmasının 96-cı ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik etdi və ölkəmizdə ordu quruculuğu ilə bağlı görülən işlər barədə geniş məruzə etdi. O bildirdi ki, “Ulu Öndərimiz Heydər Əliyev hələ SSRİ dövründə və müstəqillikdən sonra Azərbaycana rəhbərlik edərkən ordu quruculuğu, hərbi kadrların hazırlığı məsələsinə xüsusi diqqət yetirmişdir. Ümummilli lider 1971-ci ildə böyük səylər nəticəsində general Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılmasına nail oldu. O vaxt SSRİ-də iki belə məktəb vardı: Naximov və Suvorov adına hərbi məktəblər. Üçüncü belə məktəbin Azərbaycanda yaradılmasının böyük əhəmiyyəti vardı. Bu məktəblərin məzunları arasında yüksək rütbəli zabitlər, generallar var. Eyni zamanda Heydər Əliyev azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində və eləcə də SSRİ-nin digər məktəblərində oxuması üçün tədbirlər gördü. Heydər Əliyevin SSRİ dövründəki ordu quruculuğu siyasəti müstəqillik qazandıqdan sonra da öz bəhrəsini vermişdir. Bu gün Azərbaycanın qüdrətli və nizami orduya malik olması məhz ümummilli lider Heydər Əliyevin gərgin əməyinin bəhrəsidir. Prezident, Ali Baş Komandan İlham Əliyev cənabları da Ulu Öndərin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində öz səylərini daha da artıraraq Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail olmuşdur. Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Ordumuzun gücünü artıran, hərbçilərimizin döyüş əhval-ruhiyyəsini yüksəldən əsas amillərdən biri də ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbi hissələrə, xüsusən cəbhə xəttinə ardıcıl səfərlər etməsidir. Ön xətdə xidmət edən əsgər və zabitlərimizlə hər görüşündə onlara sonsuz mübarizə əzmi aşılayan Ali Baş Komandan bununla da orduya diqqət və qayğısını əyani şəkildə nümayiş etdirir.”
Çıxışının sonunda Mahir müəllim xidməti fəaliyyəti və qəhrəmanlığı ilə adı Azərbaycanın tarix salnaməsində əks olunan Milli Qəhrəmanımız Mübariz İbrahimova həsr olunmuş “Mübarizlik zirvəsi” adlı sənədli filmin ərsəyə gəlməsində əməyi olan insanlara, eyni zamanda tədbirdə iştirak edən Müdafiə Nazirinin məsul işçisi hörmətli Abdulla Qurbaniyə və “Yaddaş” sənədli film studiyasının, eyni zamanda filmin rejissoru Rəşad Qasımova öz adından və bütün biləsuvarlılar adından təşəkkurünü bildirdi.
Tədbirdə çıxış edən Müdafiə Nazirliyinin idarə rəisinin müavini Abdulla Qurbani Azərbaycanda ordu quruculuğunun yaranması və hazırda ordumuzun daha da güclənməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verdi, Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş “Mübarizlik zirvəsi” adlı sənədli film barədə öz fikirlərini bölüşdü.
Digər çıxış edənlər də ordumuzun gücləndirilməsi sahəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin atdığı addımlardan geniş danışdılar.
Milli Qəhrəmanın atası Ağakərim İbrahimov çıxış edərək Mübariz haqqında çəkilən filmə görə öz minnətdarlığını bildirdi.
Sonda Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş “Mübarizlik zirvəsi” adlı sənədli filmə baxış keçirildi.