28 may-Respublika gününə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkında Ulu öndərin abidəsini ziyarət etdilər, əziz xatirəsinə tər çiçəklər qoyuldu.
Yığıncaqda Biləsuvar rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev geniş məruzə ilə çıxış edərək qeyd etmişdir ki, zəngin dövlətçilik ənənələrinə malik olan xalqımız tarixin keşməkeşli anlarında, həlledici məqamlarda öz milli-mənəvi varlığını, iradəsini nümayiş etdirmiş, müstəqilliyini bərpa etmiş, qorumuşdur.1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay müqavilələri əsasında torpaqlarımızın iki yerə bölünməsi, dövlətçiliyimizin itirilməsi belə, azadlıq uğrunda mübarizəni dayandırmadı, əksinə xalqımız yeni üsul və metodlarla mübarizəyə başladı.
1828-ci ildən 1918-ci ilədək davam edən 90 illik mübarizə öz məntiqi nəticəsini verdi.1918-ci il mayın 28-də xalqımızın tarixində çox böyük hadisə baş verdi.Azərbaycan XX əsrin əvvələrində demokratik dövlət qurmağa nail oldu.Beləliklə, 28 may günü Azərbaycan xalqının tarixinə parlaq səhifə kimi əbədi daxil oldu.Əsrlər böyu müstəqillik, milli azadlıq həsrətində olan xalqımızın ilk demokratik respublikası çox az bir müddətdə-cəmi 23 ay yaşamasına baxmayaraq-onun fəaliyyət dövrü milli dövlətçilik tariximizin ən yadda qalan mərhələlərindən biridir. Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik ənənələrimizin uzun müddət yaddaşlardan silinməsinin qarşısını aldı.Dövlət simvollarının hazırlanması işini təşkil etdi.Milli hökumət ordu quruculuğuna başladı.Silahlı qüvvələrini yaratdı.Gənc Azərbaycan dövləti şərqdə islahatçı cəsarəti ilə nümunə oldu.Azərbaycanın müstəqil neft iqtisadiyyatının təməli qoyuldu.Dağılmış iqtisadiyyat bərpa edilməyə başladı, milli pul vahidi, poçt markaları dövriyyəyə buraxıldı. Əhalinin təhsilə cəlb edilməsi və maariftəndirilməsi istiqamətində böyük işlər görüldü.Azərbaycanın xarici siyasət sahəsində də uğurları az olmamışdır.Belə ki, Paris konfransında xarici ölkə nümayəndələri ilə aparılan danışıqlar, xüsusilə də ABŞ prezidenti Vinsonla görüş böyük əhəmiyyətli hadisə idi.Məhs Vinsonla görüşün nəticəsidir ki, 1919-cu ilin 24 oktyabrında Naxçıvanda Amerika Birləşmiş Ştatlarının general qubernatorluğu öz işinə başladı. 1920-ci il 1 yanvarda Paris şəhərində keçirilən Beynəlxalq konfransda Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin tanınması barədə 40-dan çox dövlət tərəfindən qətnamə qəbul edildi.Azərbaycanın bayrağını 23 ay dünyanın böyük dövlətlətində dalğalandıran, məhz Azərbaycan Xalq Cümhuriyyəti oldu. 1918-ci il 26 iyunda Milli Ordunun yaradılması, həmin ilin 27 iyununda Azərbaycan dilinin dövlət dili elan olunması, 23 avqust 1918-ci ildə “Azərbaycan vətəndaşlığı haqqında” qərarın qəbul edilməsi, 7 dekabr Azərbaycan parlamentinin açılması və fəaliyyətə başlaması, 1919-cu il 28 mayda Azərbaycan nümayəndə heyətinin Paris konfransında iştirakı və burada keçirilən görüşlər, 1919-cu il 1 sentyabrında Bakı Universitetinin yaradılması haqqında qərarın qəbulu qeyd olunan uğurlar sırasına daxil olmuşdur.1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti öz fəaliyyətini dayandırdıqdan sonra Azərbaycanda ikinci respublika-Azərbaycan Sovet Sosialist Respublikası yaradılmışdır.Bu respublika Azərbaycan Xalq Cümhuriyyətinin bir çox ənənələrini davam etdirmişdir.O vaxt Azərbaycan Respublikası bolşevik ideologiyasının təsiri altında olaraq eyni zamanda müstəqil olmuşdur.Onun müstəqil xarici siyasəti olmuş və Azərbaycanda dövlət quruculuğu sahəsində bir çox işlər görülmüşdür.1921-ci il Azərbaycanın ilk Konstitusiyası qəbul edilmişdir.Onun özünün parlamenti, dövlət orqanı olmuşdur.Lakin 1922-ci ilə qədər müstəqil siyasət yürütmək mümkün olmuş, həmin ilin dekabrın 30-da Sovet Sosialist Respublikaları İttifaqı yaranarkən Azərbaycan Respublikası bu ittifaqa daxil olmuş və ittifaqın yaranmasında iştirak etmişdir, Azərbaycan xalqı 70 il Sovet Sosialist sistemi şəraitində yaşamışdır.Bu XX əsrdə xalqımızın tarixinin böyük bir hissədir.Biz o vaxt dövlət müstəqilliyindən məhrum olmuşduq.Ona görə də bu dövrü lazımınca qiymətləndirmək zəruridir.Çünki bu dövrü bizim xalqımız yaşamış, yaratmış, qurmuş və nəhayət 1991-ci ildə Azərbaycan müstəqilliyini elan etmişdir. 1991-ci il oktyabrın 18-də “Azərbaycanın Dövlət müstəqilliyi haqqında” Konstitusiya aktının qəbul edilməsi ilə tariximizdə yeni bir dövr, müstəqil inkişaf dövrünə qədəm qoyulmuşdur.1991-ci ildə ikinci dəfə əldə etdiyimiz müstəqilliyimizin qorunub saxlanmasında xalqımız böyük iradə və yüksək ictimai şüur nümayiş etdirdi, minlərlə şəhid versə də, işğala məruz qalsa da, Azərbaycan xalqı azad yaşamaq amalından bir addım belə geri çəkilmədi.Ən əsası isə müdriklik göstərən xalq qanlı faciələr, qurbanlar və itkilər hesabına qazandığı istiqlalı saxlamaq, qoruya bilmək iqtidarında olan Cənab Heydər Əliyevi unutmadı. Müdrik Liderin rəhbərliyi ilə xarici işğalın qarşısını alan, dövlət çevrişinə cəhdi aradan qaldıran və dünyaya sivil Azərbaycanı tanıtmaq imkanını əldə edən xalqımız müstəqilliyimizin əbədi olduğunu sübuta yetirdi. Heydər Əliyev Azərbaycanda dövlət quruculuğu işinə müəlliflik etdi.Ulu öndərimiz ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycan naminə etdikləri gözlərimizin qarşısında baş verdi.Bütün həyatı və fəaliyyəti dövründə Ulu Öndərin yeganə amalı sabit, güclü, azad və firavan azərbaycan qurmaq olmuşdur. Qısa müddət ərzində vətəndaş qarşıdurması və parçalanma təhlükəsindən qurtulan Azərbaycan bu gün dünyanın siyasi və iqtisadi dairələrində diqqət mərkəzinə çevrilmişdir. 23 ildir müstəqil olan Azərbaycan 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cühmuriyyətinin layiqli varisidir. Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Xalq Cümhuriyyətinin varisi hesab edərək demişdir “Azərbaycanda gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi, iqtisadi islahatların həyata keçirilməsi Azərbaycanın dövlət müstəqilliyinin bəhrəsidir və bu dövlət, bu quruluş 1918-ci ildə yaradılmış ilk Xalq Cümhuriyyətinin varisidir.Bütün dövlət onun varisidir, bütün xalq onun varisidir.Hazırda Azərbaycan Ulu Öndərimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atır.Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı getdicə sürətlənir, həyatın bütün sahələrində, daxili və xarici siyasətdə uğurlarımız ilbəil artır.İllər bir-birini əvəz etdikcə ölkəmizin iqtisadi qüdrəti möhkəmlənir, abadlıq-quruculuq işləri genişlənir, əhalinin sosial rifah halı yaxşılaşır.Ölkəmizin sosial-iqtisadi inkişafının real göstəricisi olan ümumdaxili məhsul istehsalı artım sürətinə görə dünyada öncül yerlərdən birini tutur. Dövlər başçımız regionların sosial-iqtisadi inkişafına xüsusi önəm verir.Bu məqsədlə qəbul olunmuş Dövlət Proqramlarının həyata keçirilməsini daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev regionların inkişafını əsas istiqamətlərdən biri hesab edir və bununla bağlı bölgələrə vaxtaşırı səfərlər edir..Bunun nəticəsidir ki, son illər regionlarda böyük canlanma müşahidə olunur, insanların qurub yaratmaq əzmi getdikcə artır.Məhz Prezident İlham Əliyevin xarici iqtisadi əlaqələri, bütünlükdə xarici siyasi kursunun düzgün qurulmasına xüsusi diqqətlə yanaşır.Onun xarici ölkələrə etdiyi uğurlu səfərlər və aparılan danışıqlar bunu bir daha təsdiq edir.Bu müdrik siyasi kursun ardıcıl olaraq yerinə yetirilməsi, Ölkə Prezidentinin imzaladığı fərmanların uğurla həyata keçirilməsini təmin etmək məqsədi ilə dövlət quruculuğu istiqamətində həyata keçirilən geniş miqyaslı tədbirlərin Biləsuvar rayonunda da yerinə yetirilməsi üçün lazım olan işlər görülməkdədir. Rayonumuzda geniş quruculuq, abadlıq işlərinin aparılıması, sahibkarlığın inkişaf etdirilməsi, yeni iş yerlərinin açılması, kənd təsərrüfatı məhsulları istehsalının daha da artırılması, eləcə də digər istiqamətlərdə də tədbirlər həyata keçirilməkdədir. Rayonumuzun iqtisadiyyatının əsası olan aqrar sektorun dinamik inkişafının təmin edilməsi ilə yanaşı sosial infrastruktur obyektlərinin salınması, yeni təhsil ocaqlarının tikintisi, yolların təmiri, müasir tələblərə cavab verən binaların inşaası, parkların salınması rayon rəhbərliyinin daim diqqət mərkəzindədir. Rayonumuz bizim gözümüzün qarşısında günbəgün gözəlləşir, abadlaşır, inkişaf edir.Həyata keçirilən bu tədbirlər, bütün sahələrdə ədalətli dövlət idarəçiliyi kursu, rayon əhalisinin dövlətimiz və dövlətçiliyimiz ətrafında daha sıx birləşməsinə səbəb olur, əbədiyaşar öndərimiz Heydər Əliyev ideyalarına, siyasi kursuna olan inam və ehtiramlarını daha da gücləndirir.Xalqımız inanır ki, ölkə prezidenti cənab İlham Əliyevin ardıcıl siyasi kursu nəticəsində işğal olunmuş torpaqlarımız da sülh yolu ilə geri qaytarılacaq, qaçqın və məcburi köçkün soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaqlar.Biz əminik ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında birləşmiş Azərbaycan xalqı öz dövlət müstəqilliyini, respublikasını göz bəbəyi kimi qoruyacaq, onu daha da möhkəmləndirəcək, gələcəyə doğru inamla aparacaqdır.
Məruzə ətrafında çıxışlar zamanı YAP Biləsuvar rayon təşkilatının Gənclər Birliyinin sədri Kamil Qurbanlı, Şəhər 1 saylı tam orta məktəbin müəllimi Təranə Babayeva, ictimayyətin nümayəndələri Rüstəm Əliyev çıxış edərək Xalq Cümhuriyyətinin Azərbaycan dövlətçiliyi tarixindəki rolundan və əhəmiyyətindən danışdılar.Eyni zamanda qeyd etdilər ki, müasir Azərbaycan dövləti Xalq Cümhuriyyətinin tarixi varisidir.
Tədbir bədii hissə ilə davam etdirildi.