Biləsuvar rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş futbol üzrə rayon birinciliyi başa çatmışdır.
25 aprel 2014-cü il tarixdən başlayaraq Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş ümumtəhsil məktəbləri komandaları arasında keçirilən futbol üzrə rayon birinciliyinin final mərhələsi 12 mayda başa çatmışdır.
Olimpiya İdman Kompleksində keçirilən yarışlara rayonun 26 məktəb komandası qatılsa da final mərhələsində Biləsuvar şəhər 1 saylı tam orta məktəbin komandası ilə Dəvrişli kənd tam orta məktəbin komandası öz güclərini sınadılar. Dəvrişli kənd tam orta məktəbin komandası oyunda qalib gələrək məktəblər arasında rayon birincisi oldu və kubokla mükafatlandırıldı.
Tədbirdə iştirak edən Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini Xəyalə xanım Qəmbərova, rayon Gənclər və İdman idarəsinin rəisi Aqşin Bağırov, rayon Təhsil şöbəsinin müdiri Balaqardaş Kazımov, rayon Qaz istismar sahəsinin rəisi İxtiyar Seyfullayev və digərləri çıxış edərək bildirdilər ki, yarışların keçirilməsində əsas məqsəd rayonda idmanın kütləviliyinin artırılması, uşaq, yeniyetmə və gənclərin fiziki sağlamlığının möhkəmləndirilməsi və zərərli vərdişlərdən tamamilə uzaq bir gənc nəslin yetişməsidir Bu məqsədlə təhsil müəssisələrinin idman obyektlərindən və Olimpiya İdman Kompleksinin güçündən maksimum səviyyədə istifadə edilməli və digər idman növləri üzrə də mütəmadi yarışlar keçirilməlidir.