Əliabad-Xırmandalı-Bəydili kəndlərini birləşdirən yolun tikintisi sakinlərin həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir.
Son illər Biləsuvar rayonunda bir çox infrastruktur layihələri icra edilir, kanalizasiya sisteminin, təhsil ocaqlarının, məktəbəqədər tərbiyə müəssisələrinin tikintisi və əsaslı təmiri aparılır, elektrik sistemləri yenilənir, yeni yollar və körpülər salınır, rayonun digər problemləri öz həllini tapır.
Görülən işlərin tərkib hissəsi olaraq icrasına bu il başlanılmış Biləsuvar rayonunun Əliabad-Xırmandalı-Bəydili kəndlərini birləşdirən 11 km uzunluğunda kəndlərarası yeni asfalt yol yolun tikintisi işləri də sürətlə davam etdirilir. Yolun üzərində uzunluğu 12 metr, eni isə 9 metr olan körpü quraşdırılır, həmçinin 25 metr uzunluğunda əlavə suötürücü qurğu və 62 yerdə beton borulardan ibarət suötürücü keçidlər inşa edilir.
Hazırda 20 minə yaxın əhalinin yaşadığı Əliabad, Xırmandalı və Bəydili kəndlərini əhatə edən avtomobil yoluna qum-çınqıl döşənir və yolun kipləşdirilməsi aparılır.3 kənddən keçərək Ələt-Astara magistral dairəvi yolu ilə birləşəcək yola yaxın zamanlarda asfalt beton örtük çəkiləcəkdir. Yol istifadəyə verildikdən sonra həmin kəndlərdə yaşayan əhalinin Ələt-Astara magistral yoluna çıxışı xeyli yaxınlaşacaqdır.