Biləsuvarda taxılçılıqda mövcud durum və yazlıq əkinlərə hazırlıqla bağlı fermerlərlə görüş keçirildi.
16 mart 2022-ci il tarixdə Biləsuvar Rayon İcra Hakimiyyətində taxılçılıqda mövcud durum və yazlıq əkinlərə hazırlıqla bağlı fermerlərlə görüş keçirildi.
Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev, nazirliyin yerli qurumlarının rəhbərləri, suvarma sistemləri idarələrinin nümayəndələri, kənd ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və fermerlər iştirak etdi.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxış edərək rayonda kənd təsərrüfatındakı mövcud durum və yazlıq əkinlərə hazırlığın vəziyyəti ilə bağlı görülən işlərə toxunub, bu sahədə yarana biləcək problemlərin həlli istiqamətində fikirlərini bildirib.
Görüşdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev bildirib ki, taxıl sahələrində aqrotexniki qulluq tədbirlərinin düzgün təşkili məhsuldarlığın artmasına birbaşa təsir göstərir. Fermerlər sahələrə gübrə verən zaman normativlərə düzgün riayət etməlidir. Hazırda respublikanın taxıl əkini sahələrində karbamid gübrəsindən daha geniş istifadə olunur.Nazirlik rəsmisi qeyd edib ki, aprelin ikinci ongünlüyündən başlayaraq pambıq sahələrində çiyid səpininə başlanacaq. Fermerlərin əkinə hazırlıq prosesini düzgün aparması, sahələrin arata qoyulması vacibdir. Arata qoyulmuş sahələrdə suya tələbat digər sahələrə görə nisbətən az olur.
Görüş zamanı yazlıq əkinlərdə düzgün toxum seçimi, subsidiya almaq üçün elektron müraciətin formalaşması, fermerlərin gübrə, texnika, pestisidlərlə təminatı məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, bu ildən pambığa görə yalnız məhsul subsidiyası veriləcək. Məhsul subsidiyası isə hər tona görə 100 manatdan 170 manata qaldırılıb. Əlavə olaraq şirkətlər pambığın fermerdən alış qiymətinin hər sorta görə 50 manat artırıblar. Məhsul subsidiyası almaq üçün fermerlərdən torpaq üzərində mülkiyyət hüququnu təsdiqləyən sənəd tələb olunmur. Lakin fermerlər pambığı hansı kateqriya torpaqda əkməsindən asılı olmayaraq öz əkinlərini mütləq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan etməli, əkin sahəsinin koordinatlarını sistemə daxil etməlidirlər. Öz pambıq sahələrini sistemdə bəyan etməyən fermerlərin subsidiya almaq üçün elektron müraciətləri formalaşmayacaq.
Fermerlər subsidiyaların ilin əvvəlində verilməsindən razılıq edib, dövlətin ayırdığı vəsaiti gübrə, pestisid, toxum kimi kənd təsərrüfatı istehsal vasitələrinə xərclədiklərini bildiriblər. Görüşlərdə fermerlərin sualları ətraflı cavablandırılıb, səsləndirilən təkliflər qeydə alınıb.