Biləsuvarda Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərimiz ziyarət olundu.
14 mart 2022-ci il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətinin təşkilatçılığı “Əsgərə Xatirə” layihəsi komandasının dəstəyi ilə Novruz bayramı ərəfəsində rayonda Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərimiz ziyarət olundu.
Biləsuvar rayon İcra Hakimiyyətində keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, “Əsgərə Xatirə” layihəsinin rəhbəri Nuranə xanım Şıxəliyeva, “Əsgərə Xatirə” layihəsinin fəxri üzvü, xeyriyyəçi-sahibkar Əliş Hüseynov, tanınmış din xadimi Hacı Surxay Məmmədli və şəhid valideynləri iştirak etdi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 gün ərzində göstərdiyi böyük şücaət və yüksək döyüş hazırlığı nəticəsində torpaqlarımız işğaldan, düşmən tapdağından azad olundu. Vətən Müharibəsində tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi.Şəhidlərimizin və qazilərimizin qəhrəmanlıqları, keçdikləri şərəfli ömür yolu gələcək nəsillər üçün daima örnək olacaqdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini və adını uca tutmaq, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər birimizin borcudur.Bu şanlı tarixi Qələbəyə öz töhfəsini verən şəhidlərimizin xatirəsi daim qəlbimizdə yaşayacaqdır.
İcra başçısı nəcib aksiyaya verdikləri dəstəyə görə qonaqlara təşəkkür edib.
Tədbir zamanı şəhidlərin xatirələri yad edilmiş, Azərbaycanın haqq işi uğrunda cəsurluq və mərdlik nümunəsi göstərdikləri diqqətə çatdırılmış, onların həyat yolunun bundan sonrakı nəsillərə örnək olduğu vurğulanmışdır.
Şəhidlərimizin döyüş yolundan söz açan valideynlər övladlarının qəhrəmanlığından qürur hissi keçirdiklərini, onlarla fəxr etdiklərini dilə gətirərək dövlət səviyyəsində şəhid ailələrinə göstərilən qayğıdan razılıqlarını bildirmişlər.
Layihə çərçivəsində qonaqlar Vətən müharibəsi şəhidlərinin ailələrinə və qazilərimizə bayram sovqatları çatdırıblar.