Biləsuvarda Od çərşənbəsi qeyd olundu.
01 mart 2022-ci ildə Biləsuvar rayonunun Təzəkənd kəndində Rayon İcra Hakimiyyətinin və Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Od çərşənbəsinə həsr olunmuş bayram tədbiri keçirildi. Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və kollektivləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak etdilər.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxış edərək Od çərşənbəsi münasibətilə rayonun, o cümlədən Təzəkənd kəndinin sakinlərini təbrik etdi və onlara xoş arzularını çatdırdı.
Qeyd olundu ki, xalqımız öz milli mənəvi dəyərlərinə sadiqdir. Dövlətimiz bu dəyərlər üzərində qurulubdur. Milli dəyərlərə münasibətimiz, milli ənənələrimizə hörmətimiz bizi daha da gücləndirmişdir. Xalqımızın əsrlər boyu böyük təntənə ilə qeyd etdiyi Novruz bayramının çərşənbələri gəlişi ilə ölkəmizə, xalqımıza sevinc, xoş əhval-ruhiyyə bəxş edir.
Tədbirdə əvvəlcə Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovun və kənd sakinlərinin iştirakı ilə bayram tonqalı qalandı.
Daha sonra Lənkəran şəhərindən olan “Nənələr”, Lerik rayonundan olan “Uzunömürlülər”, Masallı rayonundan olan “Halay”, Salyan rayonundan olan “Cəngi” qruplarının, həmçinin respublikanın və rayonun musiqiçilərinin hazırladıqları geniş konsert proqramı təqdim olundu, kənd sakinləri və gənclər arasında Novruz bayramı ənənələrinə uyğun olaraq bir çox maraqlı oyunlar keçirildi, müxtəlif bayram təamları hazırlandı, peşəkar və həvəskar rəssamların əl işlərindən ibarət sərgi təşkil olundu.
Bayram tədbiri kənd sakinləri tərəfindən böyük coşqu ilə qarşılandı. Tədbirdə iştirak edən şəhid ailələri və qazilər çıxış edərək bütün biləsuvarlıları təbrik etdi, xaqlımıza, elimizə, obamıza əmin-amanlıq, sülh və firavalıq arzuladılar.