Biləsuvarda Azərbaycan Respublikasının birinci xanımı Mehriban xanım Əliyevanın Respublikanın Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmasının 5-ci ildönümü münasibətilə tədbir keçirilib.
21 fevral 2022-ci il tarixdə Biləsuvar rayonunda Azərbaycan Respublikasının birinci xanımı Mehriban xanım Əliyevanın Respublikanın Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmasının 5-ci ildönümü münasibətilə “Azərbaycan qadını islahatlar kursunun aparıcı qüvvəsidir” mövzusunda tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli Məclisin deputatları Bəhruz Məhərrəmov, Jalə Əhmədova, hüquq-mühafizə orqanlarının, eləcə də idarə, müəssisə, təşkilat rəhbərləri və şəhid ailələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan millət vəkili Bəhruz Məhərrəmov Mehriban xanımın Birinci vitse-prezident təyin olunduğu vaxta qədərki və sonrakı fəaliyyəti haqqında geniş danışdı. Qeyd olundu ki, ölkəmizin müxtəlif sahələrdə dünyanın inkişaf etmiş ölkələri sırasına yer almasında Mehriban xanım Əliyevanın ölkədə, eləcə də ölkə hüdudlarından kənarda həyata keçirdiyi islahatların rolu böyükdür.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxış edərək bildirdi ki, Mehriban xanım Əliyeva çoxşaxəli, uğurlu fəaliyyəti ilə xalqın rəğbətini qazanmışdır. Qeyd olundu ki, bu gün ictimai-sosial həyatımızın elə bir sahəsi yoxdur ki, Mehriban xanımın nəzərindən kənarda qalsın. Xalqın sosial-mədəni həyatında, səhiyyənin, təhsilin, idmanın inkişafında onun xidmətləri misilsizdir.
Tədbirdə, həmçinin Respublikanın Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmasının 5-ci ildönümü münasibətilə Mehriban xanım Əliyevanın fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Millət vəkili Jalə Əhmədova çıxışında qeyd etdi ki, xalqın taleyini öz taleyində yaşayan Mehriban Əliyevanın mənəvi, ictimai və siyasi vəzifəni ülvi bir sevgiylə daşıması, vətəninə, xalqına qəlbinin sonsuz istəyi ilə xidmət etməsi ictimai mühitə gəldiyi ilk vaxtlardan görünməyə başlamışdır. Mehriban xanım hələ gəncliyindən öz çalışqanlığı ilə hər yerdə və hər zaman birincilik statusunu qazanması, müvəffəqiyyətlərə nail olması ilə fərqlənib. Onun ictimai fəaliyyətə qoşulduğu illər Azərbaycanda xalqın milli oyanış dövrünün ilkin çağlarına təsadüf edir.
Tədbirdə, həmçinin Rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova, Yeni Azərbaycan Partiyası Biləsuvar Rayon Təşkilatının sədri Kamil Qurbanlı, Vətən Müharibəsi Qəhrəmanı şəhid Nihad Babayevin anası Seyidxanım Babayeva, Vətən müharibəsi Qəhrəmanı şəhid Orxan Əkbərovun anası Sevil Abdullayeva və şəhid Pərvin Əliyevin anası Rəfiqə Əliyeva çıxış etmiş, Mehriban xanımın Əliyevanın nümunəvi Azərbaycan xanımı kimi gənc və mütəqil dövlətimizin möhkəmlənməsi yolunda apardığı ideoloji mübarizədən söz açmışdır.
Tədbirin sonunda Vətən Müharibəsi Qəhrəmanı şəhid Cavid Mahmudovun anası Nəsibə Mahmudova tərəfindən biləsuvarlılar adından Birinci vitse-prezident Mehriban xanım Əliyevaya yazılı müraciəti səsləndirilmişdir.