Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları Biləsuvarın maddi-mədəni irsin araşdırılması məqsədilə rayona səfər etmişlər
03 fevral 2022-ci il tarixdə Biləsuvar Rayon İcra Hakimiyyətinin Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutuna Biləsuvar rayonunda maddi-mədəni irsin qorunması, araşdırılması zərurət hesab edilən kurqanlar, təpələr, eləcə də tarixi Şəhriyar qalasında yeni arxeoloji qazıntıların aparılması məqsədi ilə ünvanladığı müraciətə əsasən A.A.Bakıxanov adına Tarix İnstitutunun Orta Əsrlər tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru Tofiq Nəcəfli, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Türk xalqlarının etnoqrafiyası şöbəsinin müdiri, tarix elmləri doktoru, baş elmi işçi Güllü Yoloğlu, Azərbaycanın Arxeoloji abidələrinin toplusu sektorunun müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Mikayıl Mustafayev Biləsuvar rayonuna səfər etmişdir.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı cənab Faiq Qürbətov nümayəndə heyəti ilə görüşüb. Görüş çərçivəsində nümayəndə heyətinin üzvləri dəvətə və belə nəcib təşəbbüsə görə Rayon İcra Hakimiyyətinin başçısına minnətdarlıqlarını bildirmiş, bu tarixi abidələrdə arxeoloji qazıntıların aparılmasının vacibliyini və gələcək üçün perspektiv imkanlarından danışmışlar. Nümayəndə heyəti Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Əlisultan Sadıxov və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regioanl İdarəsinin əməkdaşı Seyfulla Abdullayevin iştirakı ilə ilk orta əsrlərə aid 37 h. əraziyə malik Çöl Ağdam şəhərciyinə, Bolqar çayına, 42 h. əraziyə malik orta əsrlər Şəhriyar qalasına, ərazisi 10 h. olan orta əsrlərə aid Şəhriyartəpə yaşayış yerinə, orta əsrlərə aid Ağdam qalasına və“Yeddi təpə” kurqanına baxış keçirmiş, daha sonra abidələrin qeydə alınmasında olan problemlər müzakirə edilmiş, dövlət qeydiyyatına götürüləcək arxeoloji abidələr haqqında rəylər hazırlanmış, rayonda yeni müəyyən edilmiş arxeoloji abidələrin dövlət qeydiyyatına alınması üçün fikir mübadiləsi aparılmışdır. Alimlər rayon ərazisində olan tarixi maddi-mədəniyyət nümunələri ilə yaxından tanış olduqdan sonra Biləsuvar rayonuna xüsusi ekspedisiyanın təşkil olunmasını, arxeoloji qazıntıların aparılmasını məqsədəuyğun hesab etmişlər.