Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhid olmuş igidlərimizin medalları ailələrinə təqdim olunub.
30 dekabr 2021-ci ildə Biləsuvar Rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, döyüş tapşırıqlarını uğurla yerinə yetirərək Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş biləsuvarlı igidlərin medalları ailələrinə təqdim olundu.
Tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə şəhid ailələrini təbrik edərək bildirib ki, 2022-ci ili Vətən müharibəsində qazanılan tarixi Qələbə hesabına qalib xalqın nümayəndələri kimi qarşılayırıq. 44 günlük Vətən Müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu öz şücaətini bütün dünyaya göstərərək 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızı düşmən tapdağından azad etdi. Bu möhtəşəm Qələbənin sevincini hər bir azərbaycanlı bu gün də böyük qürur hissi ilə xatırlayır. Biz xalqımıza bu Qələbəni yaşadan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə və Azərbaycan Ordusuna, torpaqlarımız uğrunda canlarından keçən qəhrəman oğullarımıza, sağlamlığını itirən qazilərimizə minnətdarıq.Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.
Sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamı ilə təltif olunan 13 şəhidin medalları ailələrinə təqdim olundu.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.