11 dekabr 2023-cü il tarixində Biləsuvar rayonunda Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib.
11 dekabr 2023 | 15:03
11 dekabr 2023-cü il tarixində Biləsuvar Rayon İcra Hakimiyyətinin, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə 12 dekabr Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçsının müavini Ləman Yüzbaşova, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun müdiri Azad Quliyev, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar rayonu üzrə təhsil sektorunun müdiri Anar Xammədov, Gənclər Evinin direktoru Vəkil Cəfərli və ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər.
Əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükuta yad edilib. Tədbirdə açılış nitqi çıxış edən sektor müdiri Azad Quliyev qeyd edib ki, illər keçdikcə Azərbaycan xalqı özünün xoşbəxtliyinin, əmin-amanlığının, yüksək rifahının, ölkəmizin düzgün strateji xətlə inkişafı nəticəsində sabitliyinin və təhlükəsizliyinin mənbəyinin və təməlinin Ulu Öndər Heydər Əliyev ilə bağlı olduğunu daha dərindən dərk edir. Bu gün biz növbəti dəfə hələ sağlığında öz quruculuq və xilaskarlıq missiyasını məharətlə yerinə yetirməklə canlı əfsanəyə çevrilən, xalqımızın Əbədiyaşar Ümummilli Lideri zirvəsinə yüksələn fenomenal şəxsiyyət, dünyamiqyaslı siyasətçi Heydər Əliyevin anım gününü qeyd edərkən Azərbaycanın çoxəsrlik tarixində öz mövqeyinə, nüfuzuna, xalqımızın taleyində, siyasi, ictimai və mənəvi həyatında, milli dövlətçiliyimizin qurulmasında və möhkəmləndirilməsində misilsiz xidmətləri olan ən böyük azərbaycanlının müqəddəs ruhu qarşısında baş əyirik.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova qeyd etdi ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Heydər Əliyevin həyat yolu yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir. Onun ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub.
Tədbirdə çıxış Gənclər Evinin direktoru Vəkil Cəfərli qeyd etdi ki, bütün mənalı həyatını xalqına həsr edən Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, ulu öndər Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq.
Tədbirdə çıxış edən gənclər bildirdilər ki, görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin irsini, nəsillərə örnək olan həyat yolunu davam etdirəcək, gördüyü möhtəşəm işlərin, milli dövlətçilik və müstəqillik ideyalarının gerçəkləşməsində var qüvvə ilə çalışacaqlar.
Tədbirdə Ulu Öndərə həsr olunmuş videofilm nümayiş etdirildi.