Biləsuvarda Ümummilli lideri Heydər Əliyevin xatirəsi anıldı.
12 dekabr 2021-ci ildə Biləsuvar rayonunda Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının on səkkizinci ildönümü qeyd olundu.
Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovun və rayon ictimaiyyətinin iştirak etdiyi tədbir əvvəlcə Ulu Öndərin abidəsinin ziyarəti ilə başladı. Heydər Əliyevə olan məhəbbətini ifadə edən biləsuvarlılar Dahi şəxsiyyətin abidəsi önünə tər çiçəklər qoyaraq, əziz xatirəsini ehtiramla yad etdilər.
Daha sonra rayon sakinləri Heydər Əliyev Mərkəzində Ulu Öndərin keçdiyi şərəfli ömür yolunu əks etdirən fotosərgilərdən ibarət muzeyi ziyarət etdilər.
Rayon Gənclər Mərkəzində keçirilən mərasimdə çıxış edən Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov bildirdi ki, tarix sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır.Azərbaycan dövlətinin otuz ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır.Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalqın məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz və qürur duyduğumuz böyük Azərbaycanlı idi.
1969-cu ildə keçmiş SSRİ-nin əyalətlərindən biri olan Azərbaycanın iqtisadiyyatında, cəmiyyətin ictimai-siyasi həyatında narahatlıq doğuran tənəzzül proseslərinin açıq müşahidə edildiyi bir zamanda respublikanın rəhbərliyinə gələn Heydər Əliyev ittifaqın güclü iqtisadi potensialından səmərəli istifadə edərək Azərbaycanı qısa müddət ərzində tərəqqi yoluna çıxartdı. Respublikada saysız-hesabsız sənaye müəssisələri salındı, yüzlərlə zavod, fabrik tikildi, istehsal sahələri yardıldı.
Bu böyük şəxsiyyət Azərbaycanın həmin dövrü və uzaq gələcəyi, daha doğrusu müstəqillik dövrü üçün zəruri vəzifələri peşəkarlıqla, ustalıqla yerin yetirir və inkişaf etdirirdi.
Xalqımızın sədaqətli oğlu Azərbaycan müstəqillik savaşına qalxdığı günlərdə səsini onun haqq səsinə qataraq azərbaycanlılara və Azərbaycanda qanlı cinayət törədənlərə qarşı qətiyyətlə mübarizə aparmışdır. 1990-cı ilin 20 Yanvar qırığınından hiddətlənərək bu qanlı hadisəni törədən imperiyanın paytaxtından on minlərlə həmvətənimizin ön sırasında duran Heydər Əliyev əzmkarlığı, qanlı Bakı faciəsinin günahkarlarını lənətləyən gur səsi xalqımızın azadlıq mücadiləsində daha möhkəm birləşəməsinə güclü təkan verdi.
1993-cü ilin may-iyununda dövlət böhranının, hakimiyyətsizliyin, başıpozuqluğun, xaosun kulminasiya nöqtəsinə çatması və ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda, xalq
təkidlə Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı.
1993-cü ildə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev siyasət aləmində çox güclü, səriştəli və təcrübəli müdrik dövlət xadimi kimi qısa bir müddət ərzində ölkədə böyük dönüş yaratdı. Azərbaycanın dövlətçiliyi qorunub saxlanıldı, ölkədə davamlı sabitlik təmin olundu. Dünyanın aparıcı dövlətləri, inkişaf etmiş ölkələri, beynəlxalq təşkilatlar Azərbaycana ciddi diqqət yetirməyə başladılar.Heydər Əliyev idarəetmənin ustadı, siyasətin kamil bilicisi kimi bütün dünyada məşhur idi. Qətiyyətli dövlət xadimi çox hallarda ən tanınmış siyasətçiləri belə təəccübləndirir və onun ağıllı siyasətini birmənalı olaraq qəbul edirdilər. Elə bu cəhətlərinə görədir ki, xalqımız onu əsrin böyük Azərbaycanlısı, xalqın xilaskarı, müstəqil Azərbaycan dövlətinin memarı və Azərbaycanı dünyaya tanıdan insan kimi qəbul edir, hörmət bəsləyir və ürəkdən sevirdi.
Biz qürur duyuruq ki, xalqımızın dünyada bu səviyyədə sevilən, hörmət bəslənilən ümummilli lideri olmuşdur.
Rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov çıxışında bildirdi ki, bu gün ölkəmiz bu siyasətin uğurlarını hiss edir, onunla yaşayır və faydalanır. Bu siyasətin icraçısı ulu öndərimizin layiqli siyasi varisi cənab İlham Əliyevdir. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırmış, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır.
Çıxışının sonunda Faiq Qürbətov qeyd etdi ki, Heydər Əliyev cismən aramızda olmasa da, onun ölməz ideyalarından güc alan müstəqil Azərbaycan işıqlı gələcəyə doğru inamla addımlayır.Bu gün müstəqil Azərbaycan dövlətinin hər bir atributu Heydər Əliyevin adı ilə, onun iradəsi, istedadı, əzmi, vətən sevgisi, yorulmaz fəaliyyəti ilə bağlıdır. Azərbaycan xalqı ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini daim uca tutacaq, böyük Heydər Əliyev yolu ilə gedərək, bu yolun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşərək, bu ideyaların gerçəkləşdirilməsində qüvvə və
səylərini əsirgəməyəcəklər.
Mərasim Bakı Kamera Orkestri kollektivinin çıxışları ilə davam etdi.