Biləsuvarda “Bir ölür – min dirilərik-2!” adlı layihə çərçivəsində tədbir keçirildi.
10 dekabr 2021-ci il tarxdə Biləsuvar rayonunda Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə “Bakı Gənclər Klubu” İctimai Birliyinin “Bir ölür – min dirilərik-2!” adlı layihəsi çərçivəsində keçirilən tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov, “Bakı Gənclər Klubu” İctimai Birliyinin idarə heyətinin üzvü Azər Cavadov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi qaziləri və gənclər iştirak etdi.
Tədbirdə çıxış edən Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov qonaqları salamlayaraq, Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıqları və döyüş yolu haqqında filmlərin çəkilməsini yüksək qiymətləndirib.İcra başçısı belə tədbirlərin mütəmadi keçirilməsinin həm qəhramanlarımızın həyat yolunun cəmiyyətə tanıdılmasında, həm də bugünki gənclərimizdə vətənpərvərlik ruhunun daha da gücləndirilməsində böyük əhəmiyyət kəsb etdiyini bildirdi.
“Bakı Gənclər Klubu” İctimai Birliyinin idarə heyətinin üzvü Azər Cavadov çıxış edərək layihənin ərsəyə gəlməsindən və əhəmiyyətdən danışdı.
Layihə çərçivəsində nümayiş olunan qısametrajlı filmdə müxtəlif hərb sahələri üzrə döyüşçülərin həyatı, Vətən torpağının müdafiəsinə qalxan qəhrəmanların döyüş yolu təqdim olundu.
Layihənin məqsədi Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşmuş, bu yolda həyatlarını və sağlamlıqlarını itirmiş döyüşçülərimizi bu səpgili filmlər vasitəsilə cəmiyyətə tanıtmaq və gənclərimizdə müasir qəhrəman obrazları yaratmaqdır.
Film gənclərimizin vətənpərvər ruhda böyüməsində, müasir qəhrəman obrazlarının yaranmasında, həmin qəhrəmanların gənclər və cəmiyyət tərəfindən tanıdılmasında böyük rol oynayacaq.