Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Nəriman Əlizadənin və Əmrah Xəlilzadənin xatirəsi ehtiramla anıldı.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 27 sentyabr 2020-ci il tarixdən başlayaraq 44 gün müddətində torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi. Vətən Müharibəsində tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi.
Ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlara həkk olundu və hər zaman minnətdarlıqla anılacaqdır.
29 noyabr 2021-ci il tarixində Biləsuvarda Vətən Müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan Nəriman Əlizadənin və Əmrah Xəlilzadənin xatirəsi ehtiramla anılıb.
Qəhrəman şəhidlərimizin anım mərasimində iştirak edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri hər iki şəhidin ata ocağını ziyarət edərək valideynləri ilə görüşüblər. Mərasimdə qəhrəmanlarımızın şərəfli döyüş yolundan danışılaraq xatirələri anılıb. Bildirilib ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi bundan sonra da daim əziz tutulacaq və dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır. Tədbir zamanı qəhrəman şəhidlərimizin yaşadığı evə vurulan xatirə lövhələrinin açılışı oldu.
Vətən Müharibəsi şəhidi Əlizadə Nəriman Nurəhməd oğlu - 6 aprel 1997-ci ildə Biləsuvar rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunudur. Hərbi xidmətdən əvvəl "Rəvan" və "Neftçi" futbol klublarının aşağı yaş qruplarında çıxış edib.
Nəriman Əlizadə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Cəbrayıl, Füzuli və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.Şəhid Nəriman Əlizadə 29 noyabr 2020-ci il tarixində Biləsuvar şəhər məzarıstanlığında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Nəriman Əlizadə ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.
Vətən Müharibəsi şəhidi Xəlilzadə Əmrah İnqilab oğlu -1 avqust 1997-ci ildə Biləsuvar rayonunda anadan olmuşdur. Şəhər 6 saylı tam orta məktəbində orta təhsilini almışdır.
Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq hərbi xidmət qulluqçusu Əmrah Xəlilzadə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.
Şəhid Əmrah Xəlilzadə 29 noyabr 2020-ci il tarixində Biləsuvar şəhər məzarıstanlığında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Əmrah Xəlilzadə ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!