Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Əliyev Turan Sulduz oğlunun xatirəsi ehtiramla anıldı.

27 noyabr 2021 | 16:00

27 noyabr 2021-ci il tarixində  Biləsuvarda Vətən Müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan Turan Əliyevin xatirəsi ehtiramla anılıb.
Qəhrəman şəhidimizin anım mərasimində iştirak edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayonun hüquq-mühafizə  orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri şəhidin ata ocağını ziyarət edərək valideynləri ilə görüşüblər.
Mərasimdə qəhrəmanımızın şərəfli döyüş yolundan danışılaraq  xatirəsi anılıb. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 27 sentyabr 2020-ci il tarixdən başlayaraq 44 gün müddətində torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi. Vətən Müharibəsində tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi.
Ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlara həkk olundu və hər zaman minnətdarlıqla anılacaqdır.Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi bundan sonra da daim əziz tutulacaq və  dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.
Tədbir zamanı qəhrəman şəhidimizin yaşadığı evə vurulan xatirə lövhəsinin açılışı oldu.
Vətən Müharibəsi şəhidi Əliyev Turan Sulduz oğlu- 1996-cı il iyulun 7-də Biləsuvar rayonunun Əsgərabad kəndində anadan olub. Kənddəki tam orta məktəbi bitirdikdən sonra, 2016-2018-ci illərdə N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib. 2018-ci ilin fevral ayından MAHHXHQ kimi kiçik çavuş rütbəsində xidmətini davam etdirib. Müdafiə Nazirliyinin Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzi tərəfindən təşkil olunmuş atıcılıq kurslarında fərqləndiyinə görə Turan dəfələrlə mükafatlandırılıb.
Vətən müharibəsi başlayanda dəqiq zərbələri ilə fərqlənən Turana baş atıcı kimi xüsusi tapşırıqlar verilir. Döyüşlərə Füzulidən başladığı zəfər yolu onu qələbəyədək aparır. Ordunun kiçik çavuşu olan Turan Əliyev müharibədə zamanı uğrunda savaşdığı Füzulidə şəhid olub. O, 27 noyabr 2020-ci il tarixində Biləsuvar rayonunun Əsgərabad kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə Turan Əliyev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Allah şəhidlərimizə rəhmət eləsin!

Keçidlər