Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Xanalıyev Ziyəddin Ariz oğlunun və Əhmədli Elməddin Gülverən oğlunun xatirəsi ehtiramla anıldı.
19 noyabr 2021-ci il tarixində Biləsuvarda Vətən Müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan Ziyəddin Xanalıyevin və Elməddin Əhmədlinin xatirəsi ehtiramla anılıb.
Qəhrəman şəhidlərimizin anım mərasimində iştirak edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri hər iki şəhidin ata ocağını ziyarət edərək valideynləri ilə görüşüblər.
Mərasimdə qəhrəmanlarımızın şərəfli döyüş yolundan danışılaraq xatirələri anılıb. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 27 sentyabr 2020-ci il tarixdən başlayaraq 44 gün müddətində torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi. Vətən Müharibəsində tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi.
Ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlara həkk olundu və hər zaman minnətdarlıqla anılacaqdır.Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi bundan sonra da daim əziz tutulacaq və dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.
Tədbir zamanı qəhrəman şəhidlərimizin yaşadığı evə vurulan xatirə lövhələrinin açılışı oldu.
Vətən Müharibəsi şəhidi Xanalıyev Ziyəddin Ariz oğlu - 16 yanvar 1999-cu ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. Orta təhsilini Təzəkənd kənd tam orta məktəbində almışdır. Subay idi.
Ziyəddin Xanalıyev 27 sentyabr 2020-ci il tarixində başlanan Vətən müharibəsində Hadrut, Şuşa uğrunda gedən döyüşlərdə vuruşmuş, Daşaltı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. O, 19 noyabr 2020-ci il tarixdə doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Ziyəddin Xanalıyev ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə medalları ilə təltif edilmişdir.
Vətən Müharibəsi şəhidi Əhmədli Elməddin Gülverən oğlu -28 yanvar 1996-cı ildə Biləsuvar rayonunun Təzəkənd kəndində anadan olmuşdur. Təzəkənd kənd tam orta məktəbində təhsil almışdır.
Elməddin Əhmədli Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.
Şəhid Elməddin Əhmədli 19 noyabr 2020-ci il tarixdə Biləsuvar rayonu Təzəkənd kənd məzarıstanlığında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Elməddin Əhmədli ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!