Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Allahverdiyev Elnur Kamil oğlunun və Mirzəyev Orxan Mehman oğlunun xatirəsi ehtiramla anıldı.

10 noyabr 2021 | 16:00

10 noyabr 2021-ci il tarixində  Biləsuvarda Vətən Müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan Elnur Allahverdiyevin və Orxan Mirzəyevin  xatirəsi ehtiramla anılıb.
Qəhrəman şəhidlərimizin anım mərasimində iştirak edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayonun hüquq-mühafizə  orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri hər iki  şəhidin ata ocağını ziyarət edərək valideynləri ilə görüşüblər.
Mərasimdə qəhrəmanlarımızın şərəfli döyüş yolundan danışılaraq  xatirələri anılıb. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 27 sentyabr 2020-ci il tarixdən başlayaraq 44 gün müddətində torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi. Vətən Müharibəsində tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi.
Ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlara həkk olundu və hər zaman minnətdarlıqla anılacaqdır.Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi bundan sonra da daim əziz tutulacaq və  dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.
Tədbir zamanı qəhrəman şəhidlərimizin yaşadığı evə vurulan xatirə lövhələrinin açılışı oldu.
Vətən Müharibəsi şəhidi  Allahverdiyev Elnur Kamil oğlu - 12 iyun 2001-ci ildə Biləsuvar rayonunun Çaylı kəndində anadan olmuşdur. 2008-2019-cu illərdə Çaylı kənd tam orta məktəbində təhsil alıb. 2019-cu ilin 4 oktyabr tarixdən Beyləqanda yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmətə başlamış, sonra Tərtər rayonunda yerləşən N saylı hərbi hissədə xidmətinə davam etmişdir.
Elnur Allahverdiyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən Müharibəsində iştirak etmiş, 9 noyabr 2020-ci il tarixində Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid Elnur Allahverdiyev 10 noyabr 2020-ci il tarixində Biləsuvar rayonu Çaylı kənd məzarıstanlığında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə Elnur Allahverdiyev ölümündən sonra "Vətən uğrunda",  "Qubadlının azad olunmasına görə",  "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və"İgidliyə görə"  medalları ilə təltif edilmişdir.
Vətən Müharibəsi şəhidi  Mirzəyev Orxan Mehman oğlu - 1993-cü il sentyabrın 15-də Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Orxan Mirzəyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Mirzəyev noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. 10 noyabr 2020-ci il tarixində Biləsuvar rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə  Orxan Mirzəyev ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Allah şəhidlərimizə rəhmət eləsin!

Keçidlər