Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Əbilzadə Sübhan Arif oğlunun xatirəsi ehtiramla anıldı.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 27 sentyabr 2020-ci il tarixdən başlayaraq 44 gün müddətində torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi. Vətən Müharibəsində tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi.
Ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlara həkk olundu və hər zaman minnətdarlıqla anılacaqdır.
7 noyabr 2021-ci il tarixində Biləsuvarda Vətən Müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan Əbilzadə Sübhan Arif oğlunun xatirəsi ehtiramla anılıb.
Qəhrəman şəhidimizin anım mərasimində iştirak edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri şəhidin ata ocağını ziyarət edərək valideynləri ilə görüşüblər. Mərasimdə qəhrəmanımızın şərəfli döyüş yolundan danışılaraq xatirəsi anılıb. Bildirilib ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsinin bundan sonra da daim əziz tutulacaq və dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır. Tədbir zamanı qəhrəman şəhidimizin yaşadığı evə vurulan xatirə lövhəsinin açılışı oldu.
Vətən Müharibəsi şəhidi Sübhan Arif oğlu Əbilzadə - 23 aprel 1998-ci ildə Biləsuvar rayonunun Nərimankənd kəndində anadan olmuşdur. Nərimankənd kənd tam orta məktəbində orta təhsilini almışdır. 2018-ci ilin noyabr ayından xidmətini Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi davam etdirmişdir.
Sübhan Əbilzadə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Cəbrayıl, Füzuli və Qubadlı rayonlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Şəhid Sübhan Əbilzadə 7 noyabr 2020-ci il tarixində Biləsuvar rayonu Nərimankənd kənd məzarıstanlığında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Sübhan Əbilzadə ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!