Vətən Müharibəsində qəhrəmancasına şəhid olan ilk biləsuvarlı İlkin Abıyevə həsr olunmuş “İlkin şəhid” filminin təqdimatı keçirilib.
5 noyabr 2021-ci il tarixdə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı cənab Faiq Qürbətov, hüquq-mühafizə orqanlarının, rayonun idarə, müəssisə, təşkilalatlarının rəhbərləri, filmin rejissoru İntiqam Hacılı və ictimaiyyətin nümayəndələri iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan qəhrəmanlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 27 sentyabr 2020-ci il tarixdən başlayaraq 44 gün müddətində torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi və Vətən Müharibəsində Zəfər tarixi yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi.Ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlara həkk olundu və hər zaman minnətdarlıqla anılacaqdır. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında hər gün qələbə sevinci yaşadan şanlı Azərbaycan Ordusunun şəhid olmuş əsgər və zabitləri heç vaxt unudulmayacaq.
F.Qürbətov Vətən Müharibəsində qəhrəmancasına şəhid olan ilk biləsuvarlı qəhrəman İlkin Abıyevin valideyinlərinə qəhrəman oğul yetişdirdiklərinə görə minnətdarlıq edərək bildirdi ki, torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən savaşlarda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır.
"İlkin şəhid” filmini ərsəyə gətirən rejissor İntiqam Hacılıya təşəkkürünü bildirən rayon İcra Hakimiyyətinin başçısı bu cür qəhrəmanlıq salnamələrinin çəkilməsinin yeniyetmələr və gənclər arasında vətənpərvərlik hislərinin daha da yüksəldilməsinə xidmət etdiyini vurğuladı.
Filmin rejissoru İntiqam Hacılı çıxış edərək “İlkin şəhid” filminin ərsəyə gəlməsi ilə bağlı öz fikirlərini bölüşdü.
Sonda şəhid İlkin Abıyevə həsr edilmiş “İlkin şəhid” filmi nümayiş olundu.