Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Mahmudlu Babək Süleyman oğlunun xatirəsi ehtiramla anıldı.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 27 sentyabr 2020-ci il tarixdən başlayaraq 44 gün müddətində torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi. Vətən Müharibəsində tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi.
Ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlara həkk olundu və hər zaman minnətdarlıqla anılacaqdır.
1 noyabr 2021-ci il tarixində Biləsuvarda Vətən Müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan Mahmudlu Babək Süleyman oğlunun xatirəsi ehtiramla anılıb.
Qəhrəman şəhidimizin anım mərasimində iştirak edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri şəhidin ata ocağını ziyarət edərək valideynləri ilə görüşüblər. Mərasimdə qəhrəmanımızın şərəfli döyüş yolundan danışılaraq xatirəsi anılıb. Bildirilib ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsinin bundan sonra da daim əziz tutulacaq və dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır. Tədbir zamanı qəhrəman şəhidimiz Babək Mahmudlunun Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təltif olunduğu "Şuşanın azad olunmasına görə" medalı şəhidin atasına təqdim olundu və yaşadığı evə vurulan xatirə lövhəsinin açılışı oldu.
Vətən Müharibəsi şəhidi Mahmudlu Babək Süleyman oğlu - 1995-ci ilin noyabrın 27-də, Biləsuvar şəhərində anadan olmuşdur. 2011-ci ildə Biləsuvar şəhəri Nizami adına 1 saylı tam orta məktəbin 9-cu sinifini başa vuraraq, Sumqayıt Texniki Kollecinə daxil olur. Kolleci bitirdikdən sonra hərbi xidmətə yollanır.Naxçıvan Muxtar Respublikasının Xüsusi Təyinatlı Qüvvələrində xidmət üçün imtahanlardan uğurla keçərək, müddətdən artıq hərbi qulluqçu kimi vətənə xidmətini davam etdirmişdir. Manqa komandiri Babək Mahmudlu “İstiqlal” snayper kursunu da müvəffəqiyyətlə başa vurmuşdur. Naxçıvanda Türkiyə Cümhüriyyətinin və Azərbaycan Respubliasının keçirdiyi birgə hərbi təlimlərdə snayper atəşi yarışlarında birincilik əldə etmişdir.
27 sentyabr tarixindən torpaqlarımızın işğaldan azad olunması uğurunda mübarizədə Babəkin Cəbrayıldan başlayan döyüş yolu Zəngilana, Qubadlıyadək uzanır. Cəsur döyüşcü çətin döyüş əməliyyatlarının iştirakçısı olmaqla, xeyli düşmən əsgərini “İstiqlal”ı ilə məhv etmişdir. Babək Mahmudlu Şuşa uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. 1 noyabr 2020-ci il tarixində doğulduğu Biləsuvar şəhərində torpağa tapşırılmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Babək Mahmudlu ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!