Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda Dövlət Müstəqilliyimizin bərpasının 30-cu ildönümünə həsr olunmuş “Müstəqilliyimizin zəfər salnaməsi” adlı elmi-praktik konfrans keçirildi.

18 oktyabr 2021 | 16:00

18 oktyabr 2021-ci il tarixdə Biləsuvar rayonunda Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 30-cu ildönümünə həsr olunmuş “Müstəqilliyimizin zəfər salnaməsi” adlı elmi-praktik konfrans keçirildi.
Heydər Əliyev Mərkəzində  keçirilən tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov, rayon İcra  Hakimiyyəti  başçısı  aparatının əməkdaşları, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri  iştirak etdi.
Konfrans iştirakçıları əvvəlcə Heydər Əliyev  parkında  Ulu Öndərin abidəsini ziyarət edib, əziz xatirəsinə tər çiçəklər düzdülər.Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra müstəqilliyimizdən bəhs edən videoçarx nümayiş olundu.
Konfransda Biləsuvar rayon İcra hakimiyyətinin başçısı Faiq Qürbətov    çıxış edərək bildirdi ki,  bu gün Azərbaycan Respublikasının  Dövlət Müstəqilliyinin bərpa edilməsinin 30-cu ildönümünü Azərbaycan xalqı və bütün dünya azərbaycanlıları böyük təntənə ilə qeyd edir. Ölkəmiz Milli dövlətçilik tarixində ikinci dəfə müstəqilliyə qovuşana qədər uzun  bir yol keçmişdir.  XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyəti isə məhz bu müstəqilliyin qazanılmasıdır.  Öz müstəqilliyini bərpa edən ölkəmiz artıq demokratik, hüquqi, dünyəvi dövlətin möhkəm təməlini qoymuşdur. Ona görə də ötən XX  əsr xalqımızın yaddaşında dövlətçilik, müstəqillik, ərazi bütövlüyü uğrunda mübarizə əsri kimi qalmışdır.
1991-ci ilin 18 oktyabr tarixi Azərbaycan Respublikasının Dövlət Müstəqilliyini elan etməsi müstəqil  dövlətçilik  yolunda yeni bir mərhələ olmuşdur. Tarixi reallıqlar bir daha göstərdi ki, hətta 71 illik sovet rejimi belə Azərbaycan xalqının müstəqillik arzularının üstündən xətt çəkə bilməmişdir. Azərbaycan xalqı uzun illər böyük bir imperiyanın tərkibində olmasına baxmayaraq, dilini, milli-mənəvi  dəyərlərini və mədəniyyətini göz bəbəyi kimi qoruyub saxlaya bilmişdir.

1993-cü ildə müdrik Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə qayıdışı ilə respublikamızın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsaslı dönüş yarandı, müstəqil dövlət quruculuğu prosesi başlandı. Bu dahi şəxsiyyətin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin məntiqi nəticəsi  olaraq Milli Ordumuz formalaşdı, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı. 1995-ci ilin noyabr ayının 12-də müstəqil Azərbaycan  Respublikasının Konstitusiyası qəbul edildi və  müstəqillik tariximizdə  ilk parlament seçkiləri keçirildi. Müstəqil  Azərbaycan Konstitusiyası ölkəmizdə yeni dövlət quruculuğu üçün dövlət fəaliyyətinin və cəmiyyətin inkişafının gələcək  modelinin hüquqi əsasını yaratdı. Ölkədə  islahatlar kursu müəyyən edildi və bu istiqamətdə ardıcıl iş aparılmasına başlandı. Bazar iqtisadiyyatına keçid istiqamətində məqsədyönlü tədbirlər müəyyənləşdirildi. Torpaq islahatlarının həyata keçirilməsi, torpağın xüsusi mülkiyyətə verilməsi kənd təsərrüfatında  islahatların daha surətlə aparılmasına imkan yaratdı.
Bütün bu məqsədyönlü tədbirlər nəticəsində Azərbaycan Respublikası misli görünməmiş  bir inkişaf yolu  tutdu.
Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrildi.
Ulu Öndərin xalqımızın  milli maraqlarına əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət  strategiyasının davamı Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyev tərəfindən inamla və qətiyyətlə həyata keçirilir. Mütərəqqi idarəçilik prinsipləri, özünün müdrik daxili və xarici siyasəti  ilə dünyada  böyük nüfuz sahibinə çevrilmiş möhtərəm cənab İlham Əliyev dövlət başçısı kimi məsuliyyətli və şərəfli vəzifəni inamla icra edir. Ötən illər  ərzindəki fəaliyyəti dövlət başçısının verdiyi bütün vədlərin əməli fəaliyyətə çevrildiyini tamamilə təsdiqləməkdədir.
Hər birimiz böyük qürur  duyuruq ki, müstəqil ölkəmiz bu gün regionun ən güclü ordusuna, ən  sabit iqtisadiyyatına və ən böyük inkişaf potensialına sahib olan bir dövlətdir.
Möhtərəm Prezidentimizin milli maraqlara əsaslanan siyasəti, iqtisadi inkişaf və demokratikləşmə, hüquqi dövlət quruculuğu xətti, qətiyyətli diplomatik fəaliyyəti müstəqil dövlətçiliyimizin möhkəmliyini təmin edir.
Heç şübhəsiz ki, 2020-ci ilin payızında əldə olunan tarixi zəfər Azərbaycan xalqının  yüz illər boyu apardığı haqq-ədalət mübarizəsinin təntənəsi idi. Məhz ölkə prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komnadanı İlham Əliyevin uzun illərdir həyata keçirdiyi strategiya, bu strategiyanın gerçəkləşməsi üçün atılan taktiki addımlar 200 ildir “qara yara”ya çevrilmiş Qarabağ probleminin həllini təmin etdi. Torpaqlarımız işğaldan azad olundu, mənfur düşmən vətənimizdən qovuldu və tarixi ədalət bərpa olundu. O ədalət ki, dünyanın nəhəng, öz sözünü diktə edə bilən dövlətləri,  müxtəlif səviyyəli beynəlxalq təşkilatlar  düz 30 il idi ki, bərpa edə  bilmirdilər. Məhz dəmir iradə, lider-xalq, xalq-dövlət birliyi, silahlı qüvvələrimizin uzun illərdir təlimlərdə əldə etdikləri bilik və bacarıqlar və heç şübhəsiz ki, şəhidlərimizin qanı bahasına bütün dünyanın on illər ərzində bərpa edə bilmədiyi haqq və ədaləti, əmin-amanlıq və sabitliyi, tərəqqi və inkişafı  müstəqil Azərbaycanın müzəffər Ali Baş Komandanı və onun müzəffər ordusu və xalqı təmin etdi.
Bu möhtəşəm tarixi qələbənin  Azərbaycanın Dövlət Müstəqqilliyinin 30-cu ildönümünə təsadüf etməsidə 18 oktyabr bayramına  daha bir sevinc qatır. Ümummilli Lider Heydər Əliyevin məşhur nitqində ifadə etdiyi “Azərbaycanın müstəqilliyi, daimidir, əbədidir, dönməzdir” fikrinin əhəmiyyətini bir daha sübut edir. Bu gün prezident cənab İlham Əliyevin möhtəşəm dövlətçilik strategiyası, Vitse-prezident, xanım Mehriban Əliyevanın həyata keçirdiyi  ölkə və dünya əhəmiyyətli humanitar aksiyaların, gerçəkləşdirdiyi layihələin hələ uzun illər dövlətimizin və xalqımızın inkişafına xidmət edəcəyini, yeni-yeni tarixi nailiyyətlərə vəsilə olacağını deməyə əsas verir.
Rayon İcra Hakimiyyətinin başçısı çıxışı zamanı bildirib ki, respublikamızın bir guşəsi olan Biləsuvar rayonu da müstəqilliyimizin 30 ilini böyük təntənə ilə qarşılayır. Ötən il II Qarabağ müharibəsində qəhrəmancasına döyüşən biləsuvarlı hərbçilər, qismən səfərbərlik əsasında ordu sıralarına çağrılmış gənclər də vətən torpaqlarının düşməndən azad olunmasına öz töhvələrini verdilər. Ümumilikdə min nəfərdən artıq biləsuvarlı  düşmənlə üz-üzə döyüşür, arxa cəbhədə Biləsuvar əhaləsi döyüşən orduya, döyüşçülərin ailələrinə maddi və mənəvi dəstək olurdular. Ali Baş Komandanımızın rəhbərliyi altında  əldə olunmuş tarixi nailiyyətdə öz payı olan Biləsuvar rayonunun 69 nəfər sakini Vətən Müharibəsində, əzəli  Azərbaycan torpaqlarının işğalçılardan təmizlənməsi uğrunda şəhadətə yüksəldi, yüzlərlə biləsuvarlı yaralandı. İndi həmin hadisələrdə bir il ötür. Bu gün qəlbi vətən məhəbbəti ilə döyünən  hər bir Azərbaycan vətəndaşı fəxr edir ki, biz 30 ildir müstəqil bir dövlət  kimi yaşayırıq, müstəqilliyimizi daim uca tuturuq, xalqımız azad,  taleyimiz  öz əlimizdədir.
  Çıxışının sonunda rayon icra Hakimiyyətinin başçısı Faiq Qürbətov Azərbaycanın Dövlət Müstəqilliyinin bərpası günü münasibətilə bir daha rayon əhalisini təbrik etdi və xalqımızı müdrik  Prezidentimizin ətrafında daha sıx birləşərək müstəqilliyimizin daimi və əbədi olması yolunda əzmlə çalışmağı arzuladı.
Konfransda tarix üzrə elmlər doktoru, professor, Mais Əmrahov, rayon ağsaqqalları Akif Kazımov, Sahibəli Mirzəyev və digərləri çıxış edərək Dövlət Müstəqilliyimizin bərpasının 30 illiyi münasibətilə öz ürək sözlərini bildirdilər.
Tədbirdə Dövlət Müstəqilliyimizə həsr olunmuş  ədəbi-bədii kompazisiya nümayiş olundu.


 

Keçidlər