Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Həsənli Telman Rafiq oğlunun xatirəsi ehtiramla anıldı.

18 oktyabr 2021 | 16:00

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 27 sentyabr 2020-ci il tarixdən başlayaraq 44 gün müddətində torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi. Vətən Müharibəsində tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi.
Ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlara həkk olundu və hər zaman minnətdarlıqla anılacaqdır.
18 oktyabr 2021-ci il tarixində  Biləsuvarda Vətən Müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan Həsənli Telman Rafiq  oğlunun xatirəsi ehtiramla anılıb.
Qəhrəman şəhidimizin anım mərasimində iştirak edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayonun hüquq-mühafizə  orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri  şəhidin ata ocağını ziyarət edərək valideynləri ilə görüşüblər. Mərasimdə qəhrəmanımızın şərəfli döyüş yolundan danışılaraq xatirəsi anılıb. Bildirilib ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsinin bundan sonra da daim əziz tutulacaq və  dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır. Tədbir zamanı qəhrəman şəhidimizin  yaşadığı evə vurulan xatirə lövhəsinin açılışı oldu.
Həsənli Telman Rafiq oğlu - 1998-ci ilin martın 3-də Bağbanlar kəndində sadə, zəhmətkeş ailədə anadan olub. 2018-ci ildə ordu sıralarında həqiqi hərbi xidmətini başa vurduqdan sonra şərəfli peşədən ayrilmayib.Gizirlik məktəbini başa vurduqdan sonra, düşmənə yaxın təmas rayonlarından vətənə min bir həvəslə xidmət etməyə başlayıb . Xidmət etdiyi hərbi hissədən valideynlərinə göndərilən təşəkkür məktubları, onun gələcək uğurlarından xəbər verirdi. Şanlı ordumuzun cəsur döyüşcüsü, tank komandiri Telman Həsənli döyüşlərin birində yaralansa da, qənimət kimi bir düşmən tankını da özü ilə gətirməyi bacarır. O, Xocavənd, Füzuli və Zəngilan istiqamətində, Xudafərinin alınmasında qanlı döyüşlərdə rəşadət göstərərək qəhrəmancasına şəhid olur. Telman Həsənli doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə Telman Həsənli ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Döyüşdə fərqlənməyə görə", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!

Keçidlər