Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan baş leytenant Mirzəyev Elmar Şahin oğlunun xatirəsi ehtiramla anıldı.

16 oktyabr 2021 | 16:00

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 27 sentyabr 2020-ci il tarixdən başlayaraq 44 gün müddətində torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi. Vətən Müharibəsində tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi.
Ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlara həkk olundu və hər zaman minnətdarlıqla anılacaqdır.
16 oktyabr 2021-ci il tarixində  Biləsuvarda Vətən Müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan baş leytenant Mirzəyev  Elmar Şahin  oğlunun xatirəsi ehtiramla anılıb.
Qəhrəman şəhidimizin anım mərasimində iştirak edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayonun hüquq-mühafizə  orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri  şəhidin ata ocağını ziyarət edərək valideynləri ilə görüşüblər. Mərasimdə qəhrəmanımızın şərəfli döyüş yolundan danışılaraq xatirəsi anılıb. Bildirilib ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsinin bundan sonra da daim əziz tutulacaq və  dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır. Anım mərasimində rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov  Vətən müharibəsində hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən  şəhid baş leytenant Elmar Mirzəyevin təltif olunduğu "İgidliyə görə" və “Kəlbəcərin azad olunmasına görə” medallarını onun valideyninə təqdim etdi.  Tədbir zamanı qəhrəman şəhidimizin  yaşadığı evə vurulan xatirə lövhəsinin açılışı oldu.
Elmar Şahin oğlu Mirzəyev - 1995-ci il mayın 1-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub  2012-2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alaraq "leytenant" hərbi rütbəsi alıb və 2016-cı ildən hərbi xidmətə başlayıb. Subay idi.
Azərbaycan Ordusunun baş leytenantı olan Elmar Mirzəyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ döyüşlərində, həmçinin Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Elmar Mirzəyev oktyabrın 15-də Füzuli döyüşləri zamanı şəhid olub. 16 oktyabrda doğulduğu Ağalıkənd kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə baş leytenant Elmar Mirzəyev ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "İgidliyə görə" və "Kəlbəcərin azad olunmasına görə"  medalları ilə təltif edilmişdir.

Allah şəhidlərimizə rəhmət eləsin!


 

Keçidlər