Biləsuvarda Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Əlizadə Ruslan Arif oğlunun xatirəsi ehtiramla anıldı.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 27 sentyabr 2020-ci il tarixdən başlayaraq 44 gün müddətində torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi. Vətən Müharibəsində tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi.
Ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlara həkk olundu və hər zaman minnətdarlıqla anılacaqdır.
8 oktyabr 2021-ci il tarixində Biləsuvarda Vətən Müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan Əlizadə Ruslan Arif oğlunun xatirəsi ehtiramla anılıb.
Qəhrəman şəhidimizin anım mərasimində iştirak edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri şəhidin ata ocağını ziyarət edərək valideynləri ilə görüşüblər.Tədbir zamanı qəhrəman şəhidimizin yaşadığı evə vurulan xatirə lövhəsinin açılışı olmuşdur.
Əlizadə Ruslan Arif oğlu - 19 noyabr 1993-cü ildə Biləsuvar rayonunun Bəydili kəndində anadan olub. Orta təhsilini Biləsuvar şəhər Ş.Qurbanov adına 2 saylı tam orta məktəbində almışdır. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmış, Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunları tərkibində qulluq etmişdir. Hərbi xidmətdən sonra bir müddət kənddə valideynlərinin yanında olmuşdur. Sonra öz arzusu ilə yenidən müqavilə ilə Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq çalışmışdır.
Ruslan Əlizadə 27 sentyabr 2020-ci il tarixində başlanan Vətən müharibəsində Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərdə vuruşmuş və Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Ruslan Əlizadə doğulduğu Bəydili kənd qəbiristanlığında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Ruslan Əlizadə ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!