Biləsuvarda Vətən Müharibəsi Qəhrəmanı şəhid Cavid Mahmudovun xatirəsi ehtiramla anıldı.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 27 sentyabr 2020-ci il tarixdən başlayaraq 44 gün müddətində torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi. Vətən Müharibəsində tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi.
Ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlara həkk olundu və hər zaman minnətdarlıqla anılacaqdır.
Biləsuvarda 5 oktyabr 2021-ci il tarixində Vətən Müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan Vətən Müharibəsi Qəhrəmanı Cavid Mahmudovun xatirəsi ehtiramla anılıb.
Qəhrəman şəhidimizin anım mərasimlərində iştirak edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri şəhidin ata ocağını ziyarət edərək, valideynləri ilə görüşüblər. Ailə üzvləri ilə söhbət zamanı qəhrəmanımızın şərəfli döyüş yolundan danışılaraq xatirəsi anılıb. Anım mərasimində Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsinin bundan sonra da daim əziz tutulacağı, dövlətin hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacağı vurğulanıb.Tədbir zamanı qəhrəman şəhidimizin məzarı ziyarət olunaraq, yaşadığı evə vurulan xatirə lövhəsinin açılışı olmuşdur.
Vətən Müharibəsi Qəhrəmanı Cavid Hilal oğlu Mahmudov 1989-cu il fevralın 6-da Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub.1995-2006-cı illərdə Aşağı Cürəli kənd tam orta məktəbində təhsil alıb. 2006-2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb.
Cavid Mahmudov 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissəsində, 2012-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissəsində, 2018-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Göygöl rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. 2020-ci ildən isə o, Azərbaycan Silahlı Qüvvələrinin Abşeron rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi.
Azərbaycan Ordusunun kapitanı olan Cavid Mahmudov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuş və oktyabrın 5-də Füzuli döyüşləri zamanı düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.Şəhid Cavid Mahmudov doğulduğu Biləsuvar rayonunun Aşağı Cürəli kənd qəbristanlığında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Mahmudova ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmişdir.
Həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Cavid Mahmudov ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!