Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Fariz Hüseynlinin və Osman Bayramovun xatirəsi ehtiramla anıldı.

04 oktyabr 2021 | 16:00

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 27 sentyabr 2020-ci il tarixdən başlayaraq 44 gün müddətində torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi. Vətən Müharibəsində tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi.
Ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlara həkk olundu və hər zaman minnətdarlıqla anılacaqdır.
Biləsuvarda 4 oktyabr 2021-ci il tarixində  Vətən Müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan Fariz Hüseynlinin və Osman Bayramovun xatirəsi ehtiramla anılıb.
Qəhrəman şəhidlərimizin anım mərasimlərində iştirak edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov və rayonun hüquq-mühafizə  orqanlarının rəhbərləri  şəhidlərin ata ocağını ziyarət edərək onların valideynləri ilə görüşüblər.Tədbir zamanı qəhrəman şəhidlərimizin hər birinin yaşadığı evə vurulan xatirə lövhələrinin açılışı olmuşdur.
Fariz Dadaş oğlu Hüseynli- 10 noyabr 1994-cü ildə Biləsuvar rayonunun Əsgərabad kəndində anadan olub. Əsgərabad kənd tam orta məktəbində orta təhsilini almışdır.Ailəli idi, 2 övladı var.
Fariz Hüseynli Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Tərtər rayonu Talış kəndi, Laçın və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.Şəhid Fariz Hüseynli 4 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonu Əsgərabad kənd məzarıstanlığında dəfn olunmuşdur.
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə Fariz Hüseynli ölümündən sonra "Vətən uğrunda" və  "Laçının azad olunmasına görə" medalları  ilə təltif edilmişdir.
Osman Zeyqəm oğlu Bayramov -13 fevral 1987-ci ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. Ailəli idi, iki qız övladı var.
Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Osman Bayramov 27 sentyabr 2020-ci il tarixində başlanan Vətən müharibəsində iştirak etmiş və Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. O, doğulduğu Ağalıkənd  kənd qəbiristanlığında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə Osman Bayramov ölümündən sonra "Vətən uğrunda",  "Füzulinin azad olunmasına görə" və “İgidliyə görə”  medalları ilə təltif edilmişdir.

Allah şəhidlərimizə rəhmət eləsin!

Keçidlər