Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Ceyhun Gözəlzadənin və Hikmət Bağırlının xatirəsi ehtiramla anıldı.
27 sentyabr 2020-ci il tarixdən başlayaraq 44 gün davam edən Vətən Müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda canlarını fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlara həkk olundu və hər zaman ehtiramla anılacaqdır.
Bu məqsədlə Biləsuvar rayonunun Bəydili kəndindən olan hər iki şəhidimizin anım mərasimlərində iştirak edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri şəhidlərin ata ocağını ziyarət edərək onların valideynləri ilə görüşüblər.Tədbir zamanı qəhrəman şəhidlərimizin hər birinin yaşadığı evə vurulan xatirə lövhələrinin açılışı olmuşdur.
1.Ceyhun Nazim oğlu Gözəlzadə- 25 aprel 2002-ci ildə Biləsuvar rayonunun Bəydili kəndində anadan olmuşdur. 2009-2020-ci illərdə Bəydili kənd orta məktəbini bitirmişdir.Ceyhun Gözəlzadə 2020-ci ilin iyul ayında Tərtər rayonunda yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmətə başlamışdır.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Ağdərə rayonu istiqamətində gedən döyüşlərə könüllü qoşulmuş və bu döyüşlərdə də qəhrəmancasına şəhid olmuşdur.
Şəhid Ceyhun Gözəlzadə 30 sentyabr 2020-ci il tarixdə Biləsuvar rayonu Bəydili kənd məzarıstanlığında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Ceyhun Gözəlzadə ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "İgidliyə görə" medalıları ilə təltif edilib.
2.Hikmət Qəhrəman oğlu Bağırlı- 29 sentyabr 2001-ci ildə Biləsuvar rayonunun Bəydili kəndində anadan olub. Bəydili kənd tam orta məktəbində təhsilini başa vurduqdan sonra cağrışla həqiqi hərbi xidmətə yollanmışdır.O, hərbi xidmətdə kəşfiyyat qurupunda xidmət etmişdir. Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmiş, qəhrəmancasına şəhid olmuşdur. Hikmət Bağırlı 30 sentyabr 2020-ci ildə doğulduğu Bəydili kənd qəbiristanlığında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Hikmət Bağırlı ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!