Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyəti Başçısı yanında növbəti Şura iclası keçirilmişdir.

18 aprel 2014 | 15:00

17 aprel 2014-cü il tarixdə  Biləsuvar rayon İcra Hakimiyyəti Başçısı yanında  Şuranın növbəti iclası keçirildi. İclasda Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı  Mahir Quliyev, şura üzvləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin, təşkilatların rəhbərləri, icra nümayəndələri və  bələdiyyə sədrləri iştirak etdilər.
İclası giriş sözü ilə açan Biləsuvar rayon İcra Hakimiyyətinin  başçısı Mahir Quliyev gündəlikdə duran üç məsələni şura üzvlərinin və iştirakçıların diqqətinə çatdırdı.
1.- “ Biləsuvar rayonunda 2014-cü ilin  birinci rübündə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələr barədə”
  2.- “Azərbaycan  Respublikası Prezidentinin Administrasiyasının  tapşırığına uyğun olaraq Respublika Təhsil Nazirliyi tərəfindən  müəyyən edilmiş  “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummili lider Heydər Əliyevin ideyaları  müasir Azərbaycanın  sosial-iqtisadi inkişafının  təminatçısıdır” mövzuları üzrə  dərslərin Biləsuvar rayon  Heydər Əliyev Mərkəzində rayonun ümumtəhsil məktəblərinin  XI sinif şagirdlərinə  tədrisinin vəziyyəti barədə”.
3.- “Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların  müraciətləri ilə iş şöbəsi tərəfindən aparılan yoxlama əsasında hazırlanmış  “Beyləqan rayon İcra Hakimiyyəti başçısının aparatında, dövlət hakimiyyəti orqanlarının yerli qurumlarında  vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması və sənədlərlə işin vəziyyəti haqqında”.
Biləsuvar rayonunda 2014-cü ilin  birinci rübündə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələr barədə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin məruzəsi dinlənildi.M.Quliyev  bildirdi ki, respublikamızın  bölgələrində olduğu kimi, rayonumuzda da son illər, eləcə də 2014-cü ilin birinci rübündə əldə ounmuş iqtisadi göstəricilər yüksək inkişafdan, uğurlardan xəbər verir.Ümumi məhsul buraxılışının həcmi  43.4 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22.3 faiz çoxdur. Hesabat dövründə adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 451 manat, orta aylıq əməkhaqqı isə 270.8 manat olmuşdur. 1613 ailə ünvanlı dövlət sosial yardımı almışdır və hər bir ailəyə düşən ünvanlı sosial yardımın məbləğı 112  manat təşkil etmişdir.Rayonunda 16 sahibkarlıq subyektinə 207 min  manat kredit verilmişdir. Görülmüş işlər nəticəsində 328 yeni iş yerləri açılmışdır.
Hesabat dövründə 1176 şagird yerlik Ağalıkənd kənd tam orta məktəbi əsaslı təmiri və  220 şagird yerlik Amankənd tam orta məktəbi üçün yeni binanın tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir. Hazırda  Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad və Əsgərabad-Muğan avtomobil yollarının, 450 şagird yerlik Aşağı Cürəli kənd, 640 şagird yerlik Xırmandalı kənd tam orta məktəbləri üçün yeni binaların, uşaq bağçasının tikintisi, Toxumçuluq idarəsinin, DSMF-nin rayon şöbəsinin inzibati binalarının, şəhərin Heydər Əliyev küçəsinin xəstəxana istiqamətində olan hissəsinin, Səmədabad kəndində Heydər Əliyev parkının tikintiləri, Mərkəzi rayon Xəstəxanasının əsaslı təmiri işləri davam etdirilir.Biləsuvar şəhərində əlavə 3 bağça binasının tikintisi üçün sənədlər hazırlanmış, yer ayrılmışdır.Yaxın günlərdə tikinti işlərinə başlanılması nəzərdə tutulmuşdur.
Rayon üzrə   1 şəhər  və   18  kənd qazlaşdırılmışdır. Hazırda  şəhərin yeni salınmış yaşayış məntəqələrində küçə qaz xətlərinin çəkilişi işləri aparılır.2014-cü ildə rayonda qazlaşma işi tam başa çatdırılacaqdır. Biləsuvar  şəhərinin içməli su  sisteminin  yenidən  qurulması istiqamətində işlər  başa çatdırılmışdır. Hazırda abonentlərə suyun verilməsi işləri görülür. Kanalizasiya    sisteminin   tikintisi  işləri isə davam etdirilir.    
  Hesabat dövründə cəmi 45250 hektar sahədə kənd təsərrüfatı bitkilərinin əkini aparılmışdır.Torpaq mülkiyyətçilərinin əkin sahələrinin fasiləsiz suvarılmasını təmin etmək məqsədilə rüb ərzində  35 km kollektor-drenaj şəbəkəsi lildən təmizlənmiş və 9 min hektardan çox əkilən sahə suvarılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırıq və tövsiyələrinə uyğun olaraq  rayonumuzda da 2014-cü ilin fevral ayının 17-dən etibarən əhalinin tibbi müayinədən keçirilməsi aksiyasına başlanılmışdır.Hazırda əhalinin müəyyən olunmuş müddətədək  tibbi müayinədən keçirilməsi kompaniyası davam etdirilir.
Hesabat dövründə rayonumuzun gənc idmançıları müxtəlif respublika və zona  turnirlərində uğurlu çıxışlar etmişlər.Müasir Olimpiya  İdman Kompleksindən, 3000 yerlik stadiondan, 150 sadə idman qurğusundan səmərəli istifadə edən idmançılarımız öz nailiyyətlərini ilbəil möhkəmləndirilər. Hazırda rayonumuzda 5500 nəfərdən çox gənc idmanın müxtəlif növləri ilə müntəzəm məşğul olur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq rayonda idmanın kütləviliyinin artırılması, uşaq, yeniyetmə və gənclərin fiziki sağlamlıqlarının möhkəmləndirilməsi üçün  rayon icra hakimiyyəti aidiyyəti təşkilatların nümayəndələrindən ibarət xüsusi işçi qrupu yaradılmalı, müvafiq tədbirlər planı hazırlanmalıdır. Rayonda futbol, voleybol, basketbol, güləş, cüdo, boks, taekvando, üzgüçülük, gimnastika, yüngül atletika və s. idman  növləri üzrə   idman birliklərinin təsis edilməlidir. Müvafiq idman növləri üzrə müxtəlif yaşlı uşaq, yeniyetmə və gənclər arasında onların maraqları, fiziki göstəriciləri nəzərə alınmaqla komandalar təşkil olunmalı, bu komandaların formalaşması üçün mütəxəssislər, təhsil müəssisələrinin müəllimlərindən ibarət məşqçi-müəllim qrupları yaradılmalıdır. Bütün idman qurğuları inventarlaşdırılmalı və yararlı vəziyyətə gətirilməli, təyinatı, texniki təchizatı nəzərə alınmaqla qəbul gücünə uyğun istifadə olunmalıdır. Bu məqsədlə Olimpiya İdman Kompleksindən və mövcud olan digər idman obyektlərindən səmərəli istifadə təmin edilməlidir.
Sonda Cənab M.Quliyev bütün Biləsuvarlılar adından  Azərbaycan Respublikasının  Prezidenti  cənab İlham Əliyevi, Prezident Administrasiyasını əmin etdi ki,  Biləsuvarlılar həmişə olduğu kimi bundan sonra da ölkə rəhbərinin yüksək diqqət və qayğısına minnətdarlıqla yanaşaraq, respublikamızın hərtərəfli inkişafı, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi kimi müqəddəs işə daima öz layiqli töhfələrini verəcək və 2014-cü ili  də layiqli  nəticələrlə başa vurmaqdan ötrü daha böyük əzmlə çalışacaqlar.
İkinci məsələ barədə Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini – ictimai-siyasi və humanitar şöbənin müdiri Xəyalə Qəmbərovanın   məruzəsi dinlənildi.O bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının tapşırığına uyğun olaraq  Respublika Təhsil Nazirliyi tərəfindən  müəyyən edilmiş  “Ulu öndər Heydər  Əliyev müstəqil  Azərbaycanın  qurucusu  və memarıdır” və “Ümummilli lider  Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının  təminatçısıdır”  mövzularının Heydər Əliyev  Mərkəzlərində ümumtəhsil  məktəblərinin XI sinif şagirdlərinə  tədrisi ilə əlaqədar  Biləsuvar rayon İcra Hakimiyyətinin rayon  Təhsil şöbəsi ilə  birlikdə geniş tədbirlər  planı  təsdiq olunmuş  və həyata keçirilməsinə başlanılmışdır.
Heydər Əliyev Mərkəzində  dərslərin yüksək səviyyədə hazırlanıb keçirilməsi üçün bütün  zəruri təşkilatı məsələlər  həll edilmiş,  dərslərin gedişi  ictimai-siyasi və humanitar  məsələlər şöbəsi  tərəfindən ciddi nəzarətə götürülmüşdür. Dərs məşğələlərinin qrafiki  tərtib edilmiş,  rayonun ümumtəhsil məktəblərinin tarix müəllimlərindən 7 nəfərlik  tərkib seçilmişdir. Heydər Əliyev  Mərkəzində  keçirilən bu dərslər  rayonun 26  tam orta məktəbinin  mövcud 41 XI siniflərindən ibarət olmaqla  929 nəfər   şagirdi əhatə edəcəkdir.
XI sinif şagirdlərinin çox böyük maraq göstərdikləri  dərs məşğələlərində rayon İcra Hakimiyyətinin,  rayon Təhsil şöbəsinin,  Yeni Azərbaycan Partiyası  rayon təşkilatının məsul işçiləri  fəal iştirak edir, Ümummilli Liderimizin zəngin siyasi irsinin,  xalqımız qarşısında misilsiz xidmətlərinin şagirdlər tərəfindən daha dərindən  öyrənilməsində  səylərini əsirgəmirlər. Dərs məşğələləri ilk gündən  şagirdlərdə böyük maraq doğurmuş,  onlar dahi rəhbərin  həyat və siyasi fəaliyyəti ilə daha  yaxından  tanış olmağa başlamışlar. 03 fevral  2014-cü il  tarixdən başlanmış dərs  məşğələlərində ümumilikdə fevral-mart ayları ərzində Heydər Əliyev irsinin öyrənilməsinə  rayonun  14 tam orta məktəbinin   XI siniflərinin  524 nəfər şagirdi iştirak etmişdir.
May  ayının  8-dək keçirilməsi  nəzərdə tutulmuş  dərs məşğələləri bu gün də mütəşəkkil qaydada davam edir.Heydər Əliyev Mərkəzində  keçirilən dərslərin gedişi vəziyyəti Azərbaycan televiziyasında, “Azərbaycan”, “Respublika” qəzetlərində və rayon “Məhsul” qəzetində işıqlandırılmışdır.
Rayon İcra Hakimiyyətinin  ictimai-siyasi və humanitar  məsələlər şöbəsi XI sinif şagirdlərinə  keçirilən məşğələlərin gedişini daim nəzarətdə saxlayır,  müvafiq əməli köməkliklər göstərilir.
Üçüncü məsələ barədə Biləsuvar rayon İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elşən Astanovun   məruzəsi dinlənildi.O bildirdi ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların  müraciətləri ilə iş şöbəsi tərəfindən aparılan yoxlama əsasında hazırlanmış  “Beyləqan rayon İcra Hakimiyyəti başçısının aparatında, dövlət hakimiyyəti orqanlarının yerli qurumlarında  vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması və sənədlərlə işin vəziyyəti haqqında”   arayışda  yoxlama zamanı nöqsanların aşkara çıxarıldığı  göstərilmiş, bu nöqsanların aradan qaldırılması və gələcəkdə belə nöqsanlara yol verilməməsi ilə bağlı tədbirlər planı hazırlanaraq təsdiq olunmuşdur.Tədbirlər Planına əsasən  rayon İcra Hakimiyyəti başçısı aparatının  müvafiq şöbələrinə,  rayon İcra Hakimiyyəti başçısının  inzibati ərazi dairələri üzrə nümayəndələrinə və idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırılmışdır ki, arayışda öz əksini tapmış nöqsanları nəzarətə götürməklə  öz işlərini “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında”  Azərbaycan  Respublikasının 1997-ci il 10 iyul tarixli Qanununun, Azərbaycan Respublikası Prezidentinin 1998-ci il  29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında  idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması Qaydaları”nın, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il  6 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının  rayon, şəhər,  şəhərlərdə rayon icra hakimiyyəti başçılarının aparatlarında  sənədlərlə iş barədə  Təlimatı”nın və  bu sahədə  qüvvədə olan digər aktların tələblərinə uyğun qursunlar.
Biləsuvar rayon Suvarma Sistemlər İdarəsinin rəisi Ədalət Babayev, Təhsil şöbəsinin müdiri Balaqardaş Kazımov və digər çıxış edən şura üzvləri müzakirə olunan məsələlərin aktuallığını qeyd edərək rayonda bu sahədə görülən işləri yüksək qiymətləndirdilər. 
İclasın gündəliyində duran məsələlərə münasibətini bildirən  Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev qeyd etdi ki, Azərbaycan  Respublikası Prezidentinin Administrasiyasının  tapşırığına uyğun olaraq Ulu öndər Heydər Əliyev həyat və fəaliyyətinin məktəblilərə çatdırılması və  müasir tariximizin öyrənilməsi məqsədilə rayonda təşkil olunan tarix dərsləri qrafikə uyğun olaraq müəyyən olunmuş müddətə başa çatdırılmalıdır. Bu dərslərdən əlavə olaraq Ulu ondərin həyat təcrübəsinin gələcək nəsillərə öyrədilməsi daim diqqət mərkəzində saxlanılmalı və bu sahədə təbliğati işlər gücləndirilməlidir.
O, qeyd etdi ki, hər bir idarə, müəssisə, təşkilatlarda, icra nümayəndəliklərində və digər dövlət orqanlarında kargüzarlığın aparılması, vətəndaşların ərizə,şikayət və təkliflərinə baxılması qaydaları qəbul olunmuş normativ hüquqi aktlara uyğun olaraq aparılmalı, hər bir müraciət edən vətəndaşın müraciətinə həssaslıqla yanaşılmalı, maksimum dərəcədə onun həlli istiqamətində işlər görülməlidir.Hər bir müraciətə fərdi yanaşılmalı və problemin həllinə nail olunmalıdır.
Sonda M.Quliyev aparılan araşdırmaların nəticəsi olaraq hər üç arayışda qeyd olunan nöqsanların qısa vaxt ərzində aradan qaldırılması üçün tapşırıq və tövsiyyələrini verdi.

Keçidlər