Biləsuvarda Vətən Müharibəsi şəhidlərinin ailələri ziyarət olundu
Biləsuvar Rayon İcra Hakimiyyətinin hazırladığı tədbirlər planına əsasən 2021-ci ilin sentyabr ayında Vətən Müharibəsində şəhid olmuş 69 biləsuvarlı gəncin ailəsi ziyarət olunub. Görüşlərdə Biləsuvar Rayon İcra Hakimiyyətinin, Biləsuvar rayon Gənclər və İdman İdarəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Biləsuvar nümayəndəliyinin, Biləsuvar Yeniyetmə və Gəncləri ictimai birliyinin, Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri ictimai birliyinin Biləsuvar rayonu üzrə nümayəndəliyinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Biləsuvar rayon şöbəsinin əməkdaşları və könüllüləri, kənd icra nümayəndələri, rayon gəncləri iştirak edib.
Görüşlərdə şəhidlərin əziz xatirəsi ehtiramla yad edilərək, onlar haqqında olan təəssüratlardan danışılıb. Şəhid ailələri ilə görüşdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun əldə etdiyi tarixi Zəfərimizdən bəhs edilib. Bu şanlı tarixi Qələbəyə öz töhfəsini verən şəhidlərimizin xatirəsinin daim qəlblərdə yaşayacağı vurğulanıb. Şəhidlərin ailələrinə vətənpərvər övlad yetişdirdiklərinə görə təşəkkür edilib.
Qeyd olunub ki, şəhidlərimizin xatirəsi bizim üçün hər zaman əzizdir. Şəhidlik zirvəsinə ucalan qəhrəmanların keçdikləri şərəfli ömür yolu gələcək nəsillər üçün örnəkdir. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini və adını uca tutmaq, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcudur.
Görüşlərdə şəhidlərin doğmaları onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.