Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhid olmuş igidlərimizin medalları ailələrinə təqdim olunub.
23 sentyabr 2021-ci ildə Biləsuvar Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin birgə təşkilatçılığı ilə Biləsuvar Rayon İcra Hakimiyyətində Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, döyüş tapşırıqlarını uğurla yerinə yetirərək Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş biləsuvarlı igidlərin medalları ailələrinə təqdim olundu.
Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Hüquq-mühafizə orqanlarının rəhbərləri və Şəhid ailələri iştirak etdi. Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov bildirib ki, 44 günlük Vətən Müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu öz şücaətini bütün dünyaya göstərərək 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızı düşmən tapdağından azad etdi. Ali Baş Komandan İlham Əliyevin diqqəti və qayğısı nəticəsində Azərbaycan Ordusu nəinki Cənubi Qafqazın, dünyanın ən peşəkar orduları sırasına yüksəlmişdir. Vətən Müharibəsində Azərbaycan Ordusunun peşəkarlığı dünyanın müxtəlif ölkələrinin hərbi ekspertləri tərəfindən yüksək qiymətləndirilmişdir.
Tədbirdə qeyd olunub ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamı ilə təltif olunan 25 şəhidin medallar ailələrinə təqdim olundu.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.