Milli Qəhrəman Mübariz İbrahimovun Ev Muzeyinin açılış mərasimi ilə əlaqədar tədbir keçirilmişdir
8 iyul 2021-ci ildə Əliabad kəndində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun Ev Muzeyinin açılış mərasimi ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı cənab Faiq Qürbətov, Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli, Hüquq-mühafizə orqanlarının rəhbərləri, Əliabad kənd ictimaiyyətinin nümayəndələri, Milli Qəhrəmanın ailə üzvləri və yaxın qohumları iştirak etmişlər.
Dövlət himni səsləndirildikdən sonra Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı cənab Faiq Qürbətov çıxış edərək bildirmişdir ki, Azərbaycan xalqı, bütün türk dünyası elimizin qəhrəman oğlu Mübariz Ağakərim oğlu İbrahimovla fəxr edir. Qəhrəmanın keçdiyi döyüş yolu, onun qəhrəmanlığı gənclərimizə örnəkdir.Çıxış edən qonaqlar M. İbrahimovun qəhrəmanlığı haqqında danışaraq şəhid və qazilərimizin ondan bir örnək dərsi aldıqlarını qeyd etmişdir. Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli qeyd etmişdir ki, türk dünyasının qəhrəman oğlu Mübariz İbrahimov öz yenilməz hünəri ilə adını Azərbaycan xalqının tarixinə əbədi yazmışdır.
Tədbir iştirakçıları həmin gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan qardaşı oğlu, balaca Mübariz İbrahimovu 3 yaşının tamam olması münasibətilə təbrik etmişdir.
Tədbirdə məktəblilərin ifasında kompozisiya səsləndirilmişdir.Tədbir iştirakçıları muzeydə nümayiş etdirilən eksponatlar və foto şəkillərlə yaxından tanış olmuşdur.Foto-sərgi iştirakçılarda böyük maraq doğurmuşdur.
Sonda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun atası Ağakərim İbrahimov ölkə rəhbərliyinə və tədbir iştirakçılarına minnətdarlığını bildirmişdir