Biləsuvarda Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olundu.
28 iyun 2021-ci il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətinin təşəbbüsü və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin birgə əməkdaşlığı ilə “Əsgərə Xatirə” layihəsi komandasının iştirakı ilə Vətən müharibəsində şəhid olmuş 69 nəfər Biləsuvarlı gəncin ailələri ziyarət olundu.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, “Əsgərə Xatirə” layihəsinin rəhbəri Nuranə xanım Şıxəliyeva,“Əsgərə Xatirə” layihəsinin fəxri üzvləri Həyat fondunun icraçı direktoru Hacı Nuran Hüseynov, Azərbaycan Respublikasının Əməkdar artisti Yusif Mustafayev, ictimai fəal, xeyriyyəçi-sahibkarlar Əli Hüseynov, Sadiq Fərəcov, rayon icra hakimiyyətinin kollektivi, inzibati ərazi dairələri üzrə şəhər və kənd icra nümayəndələri və Müdafiə Nazirliyinin bir qrup zabiti iştirak etdi.
Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov nəcib aksiyaya görə qonaqlara təşəkkür edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş, qazi olmuş əsgər və zabitlərimizlə daim fəxr edəcəyik. Şəhidlərimiz öz canlarından, yaşamaq hüquqlarından keçərək, vətənimizin bütövlüyü uğrunda vuruşdular. Şəhid, veteran və qazi ailələrinin ziyarət olunması, onlara qayğı göstərilməsi çox böyük əhəmiyyətə malikdir. Vətən uğrunda canından keçən oğul və qızlarımız, onların ailələri daim yad olunur. Şəhidlər Vətəni necə sevməyin, torpağı necə qorumağın yolunu göstərən vətənpərvərlik rəmzidirlər. Bu, həm də gənc nəslə şəhidlərimizi unutdurmamaq üçün vacibdir.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov "Əsgərə xatirə kitabı" layihəsinin rəhbəri Nuranə Şıxəliyevaya və gələn qonaqlara şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə öz minnətdarlığını bildirdi.
Çıxış edən qonaqlar dövlətimizin daim diqqət və qayğısı ilə əhatə olunan şəhid ailələrini ziyarət etməyi və şəhidlərimizin xatirəsini əziz tutmağı hər kəsin vətəndaşlıq borcu olduğunu bildirərək, bundan sonra da Vətən müharibəsi şəhidləri, qaziləri və iştirakçıları ilə mütəmadi görüşlər keçirəcəklərini, onları ziyarət edəcəklərini qeyd etdilər.
Layihə çərçivəsində qonaqlar Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun və Vətən müharibəsi şəhidlərinin evlərində olaraq ailələrinə baş çəkib, onlara sovqatlar çatdırıblar.