Biləsuvarda 26 iyun-Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirildi.
Biləsuvar Rayon İcra Hakimiyyətinin və Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə 24 iyun 2021-ci il tarixdə 26 İyun Silahlı Qüvvələrin yaranmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirildi.
Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən tədbirdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, “Vətən müharibəsi” qaziləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdi.
Tədbirdə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycanın Dövlət Himni səsləndirildi.
Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər Azərbaycan tarixinin şanlı səhifəsidir. Biz Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş, qazi olmuş əsgər və zabitlərimizlə daim fəxr edəcəyik. Şəhidlərə ehtiram, şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğı bu gün də uğurla davam etdirilir. Bu gün bütün şəhidlərimizin, o cümlədən də 44 günlük Vətən müharibəsində adlarını hərb tariximizə qızıl hərflərlə yazdıran igid oğullarımızın xatirəsi əziz tutulur. Vətən uğrunda canından keçən oğul və qızlarımız, onların ailələri daim yad olunur. Şəhidlər Vətəni necə sevməyin, torpağı necə qorumağın yolunu göstərən vətənpərvərlik rəmzidirlər.
F.Qürbətov Vətənə layiqli oğullar yetirdiklərinə görə şəhid ailələrinə, döyüşlərdə fərqləndiklərinə görə müharibə veteranlarına, qazilərə və vətənpərvərlik işinin təşkilində xidməti olanlara minnətdarlıq edib və hər kəsi Ali Baş Komandanın ətrafında daha sıx birləşərək, Müzəffər Azərbaycan Ordusuna dayaq olmağa çağırıb.
Tədbirin qonaqları – hərbi-vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlının, gənc müğənni Nuray Rəhmanın, Azərbaycan Alpaqut Federasiyasının üzvü Elşən Məmmədovun, Qafqaz Müsəlimanları idarəsinin məsul işçisi Surxay Məmmədovun, xeyriyyəçi Nuran Hüseynovun, “Əsgərə xatirə kitabı” layihəsinin rəhbəri Nuranə Şıxəliyeva çıxış edərək Vətən müharibəsində qazanılan tarixi qələbəmizdən danışıb və bu qələbənin əldə olunmasında öz həyatlarını və sağlamlıqlarını itirən insanlara minnətdarlıq ediblər.
Tədbirdə mədəniyyət işçiləri maraqlı konsert proqramı ilə çıxış edib.
Sonda Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov qonaqlara Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanlarını təqdim etmişdir. Həmçinin Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətova, Rayon İcra Hakimiyyətinin başçısının müavini Ləman Yüzbaşovaya “Əsgərə xatirə kitabı” layihəsi tərəfindən təşəkkürnamələr təqdim olunmuşdur.