10 may 2026-cı il tarixində Biləsuvar Rayon İcra Hakimiyyətində ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib.
Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, YAP Biləsuvar Rayon Təşkilatının sədri Kamil Qurbanlı və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra isə ulu öndərin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı və şərəfli həyat yolu, zəngin və çoxşaxəli irsi haqqında söhbət açaraq qeyd edib ki, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Ulu Öndər müstəqil Azərbaycan dövlətçiliyinin siyasi-iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olması arzusunu təmin edərək fenomen şəxsiyyət kimi hələ sağlığında canlı əfsanəyə çevrilmiş, ürəklərdə əbədi bir heykəl ucaltmışdır.
İcra başçısı qeyd etmişdir ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş uzaqgörən inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilməsi ölkəmizin tarixinin yeni dönəmində qarşıda mühüm prioritetlər formalaşdırır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xüsusilə uğurlu iqtisadi, siyasi, hərbi-müdafiə quruculuğu, eləcə də təhsil və gənclər siyasətinin nəticəsində mümkün olmuşdur.
Tədbirdə YAP Biləsuvar Rayon Təşkilatının sədri Kamil Qurbanlı, Rayon Ağsaqqallar Şurasının sədri Akif Kazımov, Biləsuvar rayon Təhsil sektorunun müdiri Müşfiq Dadaşov, Məhsul qəzetinin baş redaktoru Qənbər Bağırov, Biləsuvar şəhər 1 saylı məktəbin direktoru Xanımgül Abıyeva və digərləri çıxış edərək ümummilli liderin ictimai-siyasi fəaliyyəti, xalqımız və Vətənimiz qarşısındakı misilsiz xidmətlərindən, xilaskarlıq missiyasından danışıblar. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin böyük fədakarlıqları hesabına Azərbaycanın müstəqilliyinin əbədiliyi, daimiliyi, dönməzliyi təmin edilib. Onun Azərbaycanı tənəzzüldən xilas edərək çıxardığı tərəqqi yolu bu gün dövlət başçımız cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirilir, dövlətimiz gündən-günə iqtisadi, siyasi və hərbi cəhətdən daha da möhkəmlənir.






